Süni ürək xəyal deyil

27.01.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tibb tarixi elə anlardan ibarətdir ki, bir qərar təkcə bir insanın deyil, bütöv bir elmi istiqamətin taleyini dəyişir. Sankt-Peterburqdakı Mariinski Xəstəxanasında həyata keçirilən və Rusiyada ilk dəfə olaraq eyni vaxtda iki süni ürək mədəciyinin implantasiyası ilə nəticələnən əməliyyat məhz belə hadisələrdəndir. Bu hadisə bir daha sübut edir ki, müasir tibb yalnız xəstəliklərlə mübarizə aparmır, eyni zamanda, insan həyatının davamlığını yenidən formalaşdırır.

Anton adlı pasiyentin hekayəsi təkcə tibbi faktlardan ibarət deyil. Bu, ümidsiz görünən vəziyyətdə elmin və həkim məsuliyyətinin necə möcüzəyə çevrilə bildiyinin bariz nümunəsidir. Kardiomiopatiya və ürək çatışmazlığının terminal mərhələsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən Anton üçün donor ürəyinin transplantasiyası ilkin mərhələdə yeganə çıxış yolu hesab olunurdu. Lakin ağırlaşmalar, daha dəqiq desək, ağciyər arteriyasının tromboemboliyası və infarkt-pnevmoniya, bu ehtimalı müvəqqəti olaraq mümkünsüz etdi.

Belə bir kritik məqamda Mariinski Xəstəxanasının baş həkimi İqor Reutskinin verdiyi qərar xüsusi diqqətəlayiqdir. O, riskləri dəqiq qiymətləndirərək pasiyentin həyatını xilas etmək üçün qeyri-standart, lakin elmi cəhətdən əsaslandırılmış bir addım atdı: eyni vaxtda iki süni ürək mədəciyinin implantasiyası. Təxminən dörd saat davam edən bu mürəkkəb əməliyyatın əsas çətinliyi hər iki cihazın tam sinxron işləməsinin təmin edilməsi idi. Ən kiçik uyğunsuzluq belə pasiyentin həyatını təhlükə altına qoya bilərdi.

Həkimlər bu məsuliyyətli mərhələni uğurla başa çatdıraraq süni qan dövranının stabil şəkildə işləməsinə nail oldular. Nəticədə Anton hazırda tamamilə nəbzsiz, lakin həyat fəaliyyətini davam etdirən nadir pasiyentlərdən birinə çevrildi. Onun vəziyyətinin stabil olması və yaxın günlərdə evə buraxılacaq olması tibbi kollektivin peşəkarlığının və müasir texnologiyaların gücünün göstəricisidir.

Bu hadisə təkcə bir xəstəxananın uğuru deyil, bütövlükdə süni orqan texnologiyalarının gələcəyi baxımından mühüm mərhələdir. Süni ürək sistemləri bu gün artıq yalnız transplantasiyaya qədər keçid mərhələsi deyil, bəzən müstəqil şəkildə həyatı davam etdirməyin real vasitəsinə çevrilir. Bu isə gələcəkdə donor çatışmazlığı probleminin aradan qaldırılmasında mühüm rol oynaya bilər.

Bir sözlə, Antonun süni ürəklə döyünən həyatı belə deməyə əsas verir ki, tibb yalnız diaqnoz və müalicə deyil, həm də məsuliyyət, cəsarət və insan həyatına sonsuz hörmətdir. Mariinski Xəstəxanasında baş verən bu hadisə göstərir ki, elmin sərhədləri hələ tam cızılmayıb və insan iradəsi ilə bilik birləşəndə “mümkünsüz” anlayışı mənasını itirir. Bu gün Antonun həyatı süni mexanizmlərlə davam edir, sabah isə həmin həyat yeni bir donor ürəyi ilə yenidən öz ritmini tapa bilər. Tibbin əsas missiyası da məhz budur – ümidin tükəndiyi yerdə yeni bir yol açmaq.

Nurəngiz ADİLQIZI 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью