Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyanın 24 ölkəsindən təxminən 400 milyonçu və milyarder super varlılara daha yüksək vergi tətbiq olunmasını tələb edib.
Ölkə.Az xəbər verir ki, onlar bu tələblə Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına açıq məktub ünvanlayıblar.
Məktubu imzalayanlar arasında tanınmış aktyor və rejissor Mark Ruffalo, musiqiçi Brayan Eno və film prodüseri Abigeyl Disney də var.
Onların fikrincə, həddindən artıq böyük sərvət cəmiyyətdə bərabərsizliyi artırır, siyasətə mənfi təsir göstərir və iqlim böhranını daha da dərinləşdirir.
Müraciətdə bildirilir ki, çox az sayda ultra-zəngin şəxs böyük maliyyə gücü hesabına dövlət qərarlarına təsir edir, media azadlığını zəiflədir, texnologiya və innovasiyalar üzərində nəzarəti ələ alır və yoxsulluğun artmasına səbəb olur.
Davos üçün hazırlanan hesabatda isə "Oxfam" təşkilatı qeyd edib ki, 2025-ci ildə milyarderlərin ümumi sərvəti 16 faiz artaraq 18,3 trilyon dollara çatacaq.
Hesabata görə, dünyanın ən varlı insanlarının sərvəti əvvəlki illə müqayisədə üç dəfə daha sürətlə artır.