Suraxanıda iddialıların dueli

05.11.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ” Misli Premyer Liqasının XI turunda “Turan Tovuz”la qarşılaşacaq. Sabah baş tutacaq oyuna saat 18:00-da start veriləcək.

Komandalar bugünə kimi 15 oyunda üz-üzə gəlib. Bu qarşılaşmaların 11-də “Qarabağ”, 2-də “Turan Tovuz” qələbə qazanıb. İki görüş isə heç-heçə başa çatıb.

Tərəflərin şəxsi rəqabətində son oyunlarda “atlılar”ın üstünlüyü var. “Qarabağ” bu matçların 4-də qalib gəlib, 1-də uduzub. 10 qol vuran Qurban Qurbanovun yetirmələri 5-də buraxıb.

“Qarabağ” turnir cədvəlində 19 xalla üçüncü sırada qərarlaşıb. Son üç matçda heç-heçə “atlılar”da işlər qaydasında getmir. Ötən turda “Qəbələ” səfərində qolsuz bərabərliyə razılaşan komandada daxili atmosferdə qaydasında deyil. Oyun zamanı Mateus Silva və Marko Yankoviçin bir-biri ilə mübahisə etməsi gərginliyin xəbərçisi oldu.

Yayda heyətini dəyişən “Qarabağ”da yeni transferlər hələ uyğunlaşa bilməyib. Futbolçular arasında əlaqə zəifdir, nəticələr demək olar ki, oyunçuların fərdi ustalıqları hesabına əldə edilir. “Neftçi” və “Sabah”la da heç-heçə edən “Qarabağ”ın qış fasiləsinə qədər ən ciddi sınağı məhz “Turan Tovuz”a qarşı olacaq.

Tovuz təmsilçisində isə atmosfer yüksək səviyyədədir. Ötən turda hücum futbolu oynayaraq, son çempiona mövsümün ilk məğlubiyyətini yaşadan tovuzlular iddiasını davam etdirmək arzusundadır.

Matç “Azersun Arena”da keçiriləcək. “Qarabağ” bu mövsüm ilk dəfə doğma arenasında meydana çıxacaq.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью