Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az "Associated Press"ə istinadla xəbər verir ki, Şin-Kanuma stansiyasında ekspress qatar relslərin ətrafını alaq otlarından təmizləyən fəhlələri vurub. Nəticədə 4 dəmir yolu işçisi – üç fəhlə və onların iş rəhbəri həyatını itirib.
Hadisə "Tobu Nikko" xəttində, Tokio istiqamətində hərəkət edən "Spacia" ekspress qatarı stansiyaya daxil olarkən qeydə alınıb. Ağır xəsarət alan işçilər dərhal xəstəxanaya çatdırılsalar da, həkimlərin səylərinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.
Hadisə zamanı relslərin üzərində olan digər 6 nəfər – iki işçi, üç növbətçi müşahidəçi və bölmə rəisi xəsarət almayıb. Qatarda olan təxminən 50 sərnişin arasında da xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
"Tobu" Dəmir Yolu Şirkətindən verilən məlumata görə, həmin vaxt işçilər ərazidə alaq otlarına qarşı kimyəvi maddə çiləməli idilər. Müəyyən olunmuş qaydalara əsasən, qatar yaxınlaşarkən növbətçi müşahidəçilər həmkarlarını təhlükə barədə xəbərdar etməli, onların relslərdən təhlükəsiz məsafəyə uzaqlaşmasını təmin etməli idilər. Eyni zamanda, müşahidəçilər xüsusi bayraqla maşinistə siqnal verməli, maşinist isə cavab olaraq xəbərdarlıq fitini çalmalı idi.
Qatarın yaxınlaşdığı an işçilərin nə üçün relslərdən kənarlaşmadığı və müşahidəçilərin hadisədəki rolu hələlik dəqiqləşdirilməyib. İlkin ehtimallara görə, faciəyə işçilər arasındakı rabitə xətası səbəb ola bilər. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Qəza səbəbindən həmin xətt üzrə qatarların hərəkəti bir neçə saatlıq dayandırılsa da, sonradan nəqliyyatın gedişi bərpa olunub.
Elvin
Ölkə.az