Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Mançester Siti” klubunun sədri Haldun Əl-Mübarək İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqla bağlı müstəqil komissiyanın çıxardığı verdivtə rəsmi münasibət bildirib.
Futbolpress.az xəbər verir ki, sentyabrın 25-də müstəqil komissiya “Mançester Siti”ni irəli sürülən 115 ittihamın 114-ü üzrə təqsirli bilsə də, konkret sanksiyalar hələ təsdiqlənməyib və klubun apellyasiya müraciəti edəcəyi gözlənilir.
Klubun mətbuat xidmətinin yaydığı məlumatda Haldun Əl-Mübarəkin azarkeşlərə müraciəti yer alıb:
“18 ildir klubun bir hissəsiyəm. “Etihad”da, “Uembli”də və İstanbulda sizinlə birgə olmaq mənim üçün böyük şərəf idi. Bu klub mənim üçün çox şey ifadə edir. Cümə günü mətbuatda yayılan xəbərlərdən sonra bir çoxunuz axşamı dostlarınızın və ailənizin suallarını cavablandıraraq keçirdiniz. Mən də həmçinin. Ailəmə də bunu dedim. Premyer Liqada proses hələ bitməyib. Klubun günahsızlığını sübut etmək üçün inamımız və əzmimiz ilk gündəki kimi güclüdür.
Mövqeyimizdə əminik. Bunun səbəbini başa düşməyiniz üçün sizinlə paylaşmaq istədiyim çox şey var. Lakin hüquqi prosesin məxfiliyi səbəbindən indiki məqamda heç nə deyə bilmirəm. Hətta bu müraciət də bütün hüquqi tələblərə cavab vermək üçün bir neçə yoxlamadan keçib.
Bəziləri tələsik nəticələr çıxarmağa və ətrafımızda küy yaratmağa tələssə də, heç nə dəyişməyib. Birlikdə çətinliklərlə üzləşmişik və onları dəf etmişik. Klubumuzun yaxaladığı sürəti pozmaq istəyənlər çoxdur, lakin biz onların həmin imkanı əldə etməsinə icazə verməyəcəyik”.
“The Athletic” nəşrinin verdiyi məlumata görə, məhkəmə prosesinin sonunda “Mançester Siti”ni böyük məbləğdə cərimə, xalların silinməsi, qazanılan titulların əlindən alınması və hətta Çempionşipə (ikinci diviziona) düşürülmə cəzası gözləyə bilər.