Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sumqayıt Dövlət Teatrında Xalq şairi Sabir Rüstəmxanlının “Sürgün sevgi” pyesi əsasında hazırlanmış ikihissəli milli faciə tamaşasının premyerası keçirilib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğludur.
Səhnə əsərində ötən əsrin 30–50-ci illərində Azərbaycan xalqının məruz qaldığı repressiyaların tarixini öyrənən akademik Ziyad Şıxlının həyatından bəhs olunur. Bununla yanaşı, pyesdə Ermənistanın Azərbaycana qarşı torpaq iddiası, Azərbaycanda başlayan milli azadlıq hərəkatı, bu hərəkatı boğmaq niyyəti ilə 1990-cı ilin yanvar ayında sovet ordusunun Bakıya yeridilməsi və bu faciənin akademiklə Sovet ordusunun zabiti olan oğlu Volodyanı qarşı-qarşıya qoyması canlandırılır. Məşhur alim mürəkkəb şəraitdən çıxış yolları axtarır. Tamaşada, eyni zamanda, 30-cu illərdə Qazaxıstana sürgün edilmiş bir ailəni vətənə bağlayan maraqlı sevgi tarixçəsi də yer alıb.
Bəstəkar Cavanşir Quliyev, xormeyster Firəngiz Xəlilova, rəqs quruluşçusu Kamil Ağazadə və videoqaf Rais Bəhrami əsərin mahiyyətinin tamaşaçılara daha dərindən anladılmasına çalışıblar. Tamaşada Xalq artisti Valeh Kərimov, əməkdar artistlər Rauf Ağakişiyev, Cəlal Məmmədov, Xatirə Süleymanova, Elmira Kərimova, Sədaqət Nuriyeva və digər aktyorlar rol alıblar.
Sevgi, həsrət və insan talelərinin mürəkkəb məqamlarını özündə əks etdirən səhnə əsərində tarixin ağrılı səhifələrinə və dərin mənəvi yaşantılara aid olaylara geniş yer verilib. Tarixi yaddaşın, milli-mənəvi dəyərlərin və insan duyğularının bədii ifadəsini səhnəyə daşıyan tamaşanı sənətsevərlər böyük maraqla qarşılayıblar.
Uğurla keçən premyeranın sonunda Xalq şairi Sabir Rüstəmxanlı və rejissor Ağalar İdrisoğlu səhnəyə çıxaraq teatrın yaradıcı kollektivinə və tamaşaçılara təşəkkürlərini bildiriblər.
Ə.DOSTƏLİ
XQ