Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrail yarandığı gündən etibarən coğrafi genişlənmə siyasəti aparır və bunu təhlükəsizlik qayğıları ilə əsaslandırır.
Onun sözlərinə görə, İsrail 1967-ci ildə Suriyanın Qolan təpələrini işğal edib, 1974-cü ildə isə burada “tampon bölgə” yaradıb. BMT tərəfindən hərbisizləşdirilmiş zona kimi tanınan bu ərazi təxminən 80 km uzunluğunda, bəzi yerlərdə isə 10 km enində idi.
Politoloq bildirib ki, 2024-cü il hadisələri fonunda İsrail bu tampon əraziyə də qoşun yeridib.
“Yəni İsrailin nəinki işğal etdiyi ərazilərdən, hətta təhlükəsizlik zolağı kimi yaratdığı tampon bölgədən də çıxmaq niyyəti görünmür”, – deyə Şəhla Cəlilzadə bildirib.
Politoloq vurğulayıb ki, dünya ictimaiyyəti Suriyanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır. Lakin bu məqsədlə silahlı qarşıdurmaya getməyin ölkəni və bütövlükdə regionu onilliklərlə davam edə biləcək yeni müharibəyə sürükləmək riski var.
“Odur ki, Əhməd Əl Şaraa hökuməti diplomatik danışıqlar və sivil siyasət vasitələri ilə regionda sülh və təhlükəsizliyin qorunması çərçivəsində məsələnin həllinə çalışacağını bəyan edir”, – deyə o deyib.
Şəhla Cəlilzadənin fikrincə, Suriyanın ərazi bütövlüyünün bərpası məsələsində mövqeyi prinsipial olaraq dəyişmir, sadəcə buna nail olmaq üçün seçilən yanaşma fərqlənir.
“Lakin İsraillə müəyyən strateji əməkdaşlıq qurulmadan Suriyanın ərazi bütövlüyünü bərpa etməsi çətin görünür. Vaxtilə Misir də məhz bu cür davranaraq Sinay yarımadasını geri qaytara bilmişdi”, – deyə politoloq əlavə edib.
İradə Cəlil, Bizimyol.info