Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
- + Adını qədim assuriyalılardan almış Suriyanın son 1000 illik tarixinə baxanda nisbətən ən sakit, təlatümsüz dövr Osmanlı imperiyasının tərkibində olduğu 4 əsrlik dövrdür.
Osmanlı imperiyası Antanta qüvvələrinin basqısı, işğalı nəticəsində süqut etdirilincə, Suriya fransızlara qalıb.
Fransızlar Hələbi, Dəməşqi birləşdirərək federasiya halına gətiriblər, ölkənin ilk prezidenti və baş naziri də türk olub – Sübhi bəy Bərəkət əl-Xalidi.
Sonra o, fransızlarla razılaşmadığı üçün istefa verib, yerinə müvəqqəti olaraq Fransua Pyer-Alip adlı fransız gəlib.
Bu adam Fransanın digər müstəmləklərində qubernator olub-gəldiyinə görə iki ildən sonra başqa ölkəyə göndərilib, Suriyanın yeni prezident-baş naziri postuna Osmanlı sultanı II Əbdülhəmidin qohumu, çərkəz əsilli Əhməd Nami gəlib.
Burada qısa bir haşiyə: Son yüz ildə Suriyaya rəhbərlik edənlərin arasında türk, fransız, kürd, çərkəz, erməni, druz, ərəb əsilli şəxslər olub.
Əhməd Namini Tacəddin əl-Həsəni əvəz edib, ancaq o, fransızların etimadını itirdiyindən Paris onu dəstəkləməyib və növbəti seçkidə Məhəmməd Əli bəy əl-Abidə uduzub.