Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İordaniyada yüksək səviyyəli Suriya-İsrail görüşü keçiriləcək. Bu barədə Suriya XİN məlumat yayıb.
Suriya XİN-dəki mənbələrdən əldə edilən məlumata görə, bu günlərdə xarici işlər naziri Əsəd Həsən əl-Şeybaninin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-ın vasitəçiliyi ilə İordaniyada İsrail nümayəndə heyəti ilə görüş keçirib.
Görüş İsrailin son hava hücumlarından sonra baş tutub və məqsəd Suriyadakı gərginliyi azaltmaq, Suriyada və regionda sabitliyi təmin etmək olub.
Suriyanın Baş Kəşfiyyat İdarəsi və Hərbi Kəşfiyyat rəhbərlərinin də iştirak etdiyi danışıqlarda İsrail hücumlarının, həbs əməliyyatlarının və hədəf alınmasının qarşısını almaq üçün praktik mexanizmlərin yaradılması müzakirə olunub.
Qeyd olunur ki, məqsəd danışıqlar prosesinin bərpası yolu ilə gələcəkdə daha əhatəli bir razılaşmanın təməlini qoya biləcək təhlükəsizliklə bağlı razılığa gəlməkdir.
Bəyanatda Suriyanın suveren dövlət olduğu və milli maraqlarına uyğun olaraq milli ordusunu yenidən qurmaq və inkişaf etdirmək, eləcə də müttəfiqlik və tərəfdaşlıq əlaqələrini müstəqil şəkildə müəyyən etmək hüququna malik olduğu vurğulanır. Dəməşq bu suveren hüquqları məhdudlaşdıracaq heç bir razılaşma və ya mexanizmi qəbul etməyəcəyini bildirib.
Görüş zamanı Suriya tərəfi işğal olunmuş Qolan təpələrinin Suriya ərazisi olması barədə mövqeyini də bir daha təsdiqləyib. Lakin qeyd edilib ki, Qolan təpələrinin yekun statusunu müzakirə etmək hələ tezdir.
Dəməşq İsrail qüvvələrinin 8 dekabr 2024-cü ildən əvvəl tutduqları mövqelərə geri çəkilməsini, 1974-cü il Qüvvələrin Ayrılması Sazişinin bərpasını və onun tam şəkildə həyata keçirilməsini özünün əsas prioriteti kimi müəyyən edib.
P.ƏMİRCANOV
XQ