“Suriya YPG razılaşması sabitliyə xidmət edir”

30.01.2026

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

“Suriya hökuməti ilə YPG arasında əldə olunan atəşkəs razılaşması həm hərbi, həm də inzibati baxımdan Suriya üçün strateji əhəmiyyət daşıyır”.

Politoloq Rəşad Bayramov Xalqcebhesi.az-a açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, bu razılaşma təkcə mövcud qarşıdurmanın dayandırılmasına deyil, eyni zamanda regionda uzunmüddətli sabitliyin təmin olunmasına və hökumətin nəzarətinin bərpasına xidmət edir:

“Razılaşmanın əsas hərbi komponentlərindən biri cəbhə xəttindən qüvvələrin çıxarılmasıdır ki, bu da bölgədə gərginliyin azalması və atəşkəs rejiminin möhkəmlənməsi baxımından mühüm addımdır. YPG döyüşçülərinin Suriya ordusunun strukturuna tədricən inteqrasiya olunması hökumətin hərbi nəzarət imkanlarını genişləndirir və paralel silahlı strukturların mövcudluğunu aradan qaldırmağa yönəlib.Daxili İşlər Nazirliyinin təhlükəsizlik qüvvələrinin Hasekə və Qamışlı şəhərlərinə yerləşdirilməsi inzibati baxımdan da əhəmiyyətlidir. Bu addım hüquq-mühafizə funksiyalarının mərkəzləşdirilməsinə, qanunsuz silahlı qrupların fəaliyyətinin məhdudlaşdırılmasına və bölgədə dövlət institutlarının möhkəmləndirilməsinə şərait yaradır”.

Rəşad Bayramov əlavə edib ki, razılaşma inzibati idarəetmə sahəsində də dəyişiklikləri nəzərdə tutur: “Belə ki, YPG-nin nəzarətində olan yerli idarəetmə strukturlarının mərhələli şəkildə Suriya hökumətinin sisteminə inteqrasiyası paralel idarəetmə problemini aradan qaldıra və koordinasiyalı fəaliyyətin təmin olunmasına imkan verə bilər.
Bu razılaşmanın strateji nəticələri kifayət qədər genişdir. Suriya hökuməti üçün bu proses şimal-şərq bölgələrində nəzarətin gücləndirilməsi və milli birliyin qorunması baxımından vacibdir. YPG üçün isə bu inteqrasiya silahlı qarşıdurmadan kənar fəaliyyət imkanı yaradır. Ümumilikdə isə razılaşma regionda gərginliyin azalması və uzunmüddətli stabillik üçün mühüm zəmin formalaşdırır”.

Günel Elxan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью