Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
"Bəşər Əsəd devriləndən sonra Türkiyənin birbaşa iştirakı və köməyi ilə Suriyada indiki hakimiyyət formalaşdıqdan sonra Türkiyə dəfələrlə bəyan edib ki, Suriyanın bütün ərazi bütövlüyünün təmin olunması və vahid Suriya dövlətinin qurulması üçün əlindən gələni edəcək". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.Siyasi şərhçi sözlərinə belə davam edir: "Türkiyə bu prosesdə yaxından iştirak etdiyini açıq şəkildə ifadə edir və hətta Suriya-ABŞ münasibətlərinin qurulmasında və formalaşmasında da fəal rol oynayır.Şübhəsiz ki, Suriyada sabitliyin təmin olunması həm Suriya, həm də Türkiyə üçün strateji baxımdan olduqca önəmlidir. Biz bilirik ki, Türkiyə daxilində uzun illərdir kürd terroru və kürd problemi ilə üz-üzə qalan bir dövlətdir və bu proses bu gün də tam şəkildə aradan qalxmayıb. Eyni zamanda məlumdur ki, Suriyada da bəzi kürd silahlı qrupları Türkiyənin bu ölkədə möhkəmlənməsinə, İsraillə birlikdə, hətta ABŞ-ın müəyyən dəstəyi ilə mane olmağa çalışırlar.Məhz buna görə də Türkiyə öz milli maraqlarından çıxış edərək Suriyada istər silahlı qruplaşmaların, istər digər terror təşkilatlarının, istərsə də İsrailin mövqeyinin güclənməsini istəmir. Hesab edirəm ki, Türkiyə bu proseslərdə gələcəkdə də fəal iştirak edəcək. Çünki bu, birbaşa Türkiyənin dövlətçilik maraqlarından irəli gəlir və ölkənin gələcək sabitliyi, eləcə də təhlükəsizliyi bundan ciddi şəkildə asılıdır.Bütün bu proseslər onu göstərir ki, Türkiyə Suriyada öz maraqlarını qorumaqla yanaşı, eyni zamanda Yaxın Şərqdə və ərəb ölkələri çərçivəsində müsəlman maraqlarını da gücləndirməyə çalışır. Türkiyənin apardığı siyasət bu gün üçün Suriyada təkcə Suriya ilə bağlı deyil, birbaşa Türkiyənin milli maraqlarından irəli gələn siyasətdir".
Müəllif: Günel Fərzəliyeva