Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Suriyada güclü leysan yağışlarının səbəb olduğu sel və qəfil daşqınlar azı 8 nəfərin həyatına son qoyub. Həlak olanlardan 5-i uşaqdır. Daha 4 nəfərin itkin düşdüyü bildirilir.
XQ SANA dövlət agentliyinə istinadən xəbər verir ki, ölənlərdən 7-si suda boğulub, bir nəfər isə daşqınla əlaqədar baş verən yol-nəqliyyat hadisəsində həyatını itirib.
Təbii fəlakət Raqqa, Deyr əz-Zor və Həsəkə vilayətlərində, həmçinin Hələb vilayətinin bir sıra rayonlarında ciddi fəsadlara yol açıb. Sel suları evləri basıb, yolları dağıdıb, nəqliyyat əlaqəsini çətinləşdirib. Fövqəladə hallar və fəlakətlərin idarə olunması naziri Raed əs-Salehin sözlərinə görə, xilasedicilər 550-dən çox əməliyyat keçirib, yardım üçün 900-dən artıq müraciət qəbul ediblər. Daşqın sularında qalan avtomobillərdən 60 nəfər xilas olunub, yüzlərlə sakin təhlükəsiz ərazilərə köçürülüb.
Sel məktəblərə, xəstəxanalara və digər infrastruktur obyektlərinə də ziyan vurub. İtkin düşənlərin axtarışı və xilasetmə tədbirləri davam etdirilir.