Suriyadan türkmənlərə zərbə: Dillərini qadağan etdi

09.09.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Suriyada seçmə dil kateqoriyasından türk dilinin çıxarılması və fransız dili ilə əvəz edilməsi bölgədəki yüz minlərlə tələbə və onların ailələrinin sərt etirazı ilə qarşılaşıb.

“Cebheinfo.az” “Türkiye" qəzetinə istinadən xəbər verir ki, Suriya Milli Təhsil Nazirliyi qərarı yeni tədris planının qarşıdan gələn tədris ili üçün hazır olmayacağını və beləliklə, Əsəd dövrü tədris planının tətbiqini zəruri etdiyini bildirməklə əsaslandırıb.

Türkmən parlament üzvləri, Suriya Türkmən Məclisi və vətəndaş cəmiyyəti təşkilatları bu ədalətsizliyi aradan qaldırmaq üçün tədbirlərə başlayıblar. Türkiyənin Dəməşqdəki səfirliyi də müvafiq orqanlarla bir sıra görüşlər keçirib.

Yeni administrasiyanın Əsəd dövrü tədris planının məcburi tətbiqi kimi xarakterizə etdiyi qərarın, 2017-ci ildən bəri “Zeytun budağı”, Fərat qalxanı” və Sülh çeşməsi” bölgələrində tətbiq olunan modelin aradan qaldırılması anlamına gəldiyi bildirilir.

Qərardan sonra Suriya Türkmən Məclisinin Hələb nümayəndəsi Hüseyn İsa əhatəli təhsil hesabatı hazırlayaraq Suriya Milli Təhsil Nazirliyinin rəsmilərinə təqdim edib.

O, bu tətbiqin yalnız türkmənlərə deyil, həm də Suriyadakı yüz minlərlə tələbəyə zərər verəcəyini vurğulayıb.On minlərlə ailənin könüllü olaraq geri qayıtdığını xatırladan İsa bildirib:

"Bu uşaqların əksəriyyəti ibtidai, orta və ali təhsillərini Türkiyədə alıb. İndi, səviyyələrindən asılı olmayaraq, Suriyaya qayıdan bu tələbələr türk dili bacarıqlarını yenidən qurmalı olacaqlar.

Bu müharibə zamanı Türkiyə ilə Suriya arasında fövqəladə qardaşlıq körpüləri quruldu. Dil, tarix və mədəniyyətdə görünməmiş bir yaxınlaşma oldu.

Biz ayrılmaz olduq. Suriya inqilabı bu münasibətlər şəbəkəsinə xüsusi bir ölçü verdi. Bu qazancları heç bir şəkildə boşa sərf etməməliyik”.

Yeni tədris planında türk dilinin seçmə fənn kimi çıxarılması geniş təəccüb doğurduğunu izah edən Suriya parlamentariləri, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, kürdlərin çoxluq təşkil etdiyi ərazilərdə rəsmi və özəl məktəblərdə kürd dilini seçmə dil kimi rəsmi olaraq tanıyan 2026-cı il tarixli 13 nömrəli Fərmanı nümunə olaraq göstəriblər.

Türk dilinin eyni qaydada qiymətləndirilməsinin vacibliyini iddia edən suriyalılar bildiriblər:

"Devrilmiş rejimin qanunlarından bəraət qazandırmaq ictimai vicdanı yaralayır və yüz minlərlə uşağımızın təhsilinə mənfi təsir göstərir.

Təhsil birliyini təmin etmək üçün atılan hər addım dəyərlidir, lakin kürd və türk dili kimi dillərin könüllü edilməsi milli mədəniyyətə və kimliyə zidd deyil, etnik fərqlərin və Yeni Suriyanın zənginliyinin əlamətidir".

Son 15 ildə köçməyə məcbur olan və övladları Türkiyədə təhsil alan ailələr, Suriya Konstitusiyasının 4-cü maddəsində ərəb dilinin dövlətin rəsmi dili olduğu ifadəsinə əlavə olaraq, yeni tədris planında türk dilinin də könüllü dil edilməsini tələb edirlər.  Türkiyənin hesabatlarına görə, son illərdə təyin olunmuş 5555 türk müəllimi tərəfindən 390 min suriyalı şagird təhsil alıb. 

Rəsmi məlumatlara görə, 2024-2026-cı illər arasında inqilabdan sonra Türkiyədən 600 mindən çox suriyalı qaçqın ölkələrinə qayıdıb və bu rəqəm hər gün artmaqdadır.

Suriyanın ən çətin illərində Türkiyə təhsil proqramları vasitəsilə on minlərlə uşağın, xüsusən də Hələbdə və ölkə daxilində təhsildən kənarda qalmamasını təmin edib.

Türkiyə Milli Təhsil Nazirliyi, könüllü təşkilatlar və Yunus Əmrə İnstitutu tərəfindən dəstəklənən bu prosesin dəyərli bir təcrübə olduğu və təhsil sektorundakı son çətinliklərin tezliklə həll edilməsi məqsədilə Prezident Əhməd Şara səviyyəsində müzakirə edildiyi bildirilib.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью