Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir: Səbəb nədir?

09.11.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“Özəl parkinqlərdə 2-3 dəqiqəlik dayanma üçün tam bir saatlıq ödəniş tələb olunmasını iqtisadi baxımdan tam ədalətli hesab etmək çətindir”. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. Onub sözlərinə görə, istehlakçı faktiki olaraq istifadə etmədiyi xidmətin də pulunu ödəyir:

“Bazar iqtisadiyyatında sahibkarın qiymət müəyyənləşdirmək hüququ var, lakin bu hüquq istehlakçının maraqlarını nəzərə almamaq anlamına gəlməməlidir. Xüsusilə sərnişin düşürmək, qısa çatdırılma etmək və ya bir neçə dəqiqəlik işini həll etmək istəyən sürücüdən tam saatlıq haqq alınması xidmətin qiymətləndirilməsində ədalət prinsipini sual altına qoyur. Daha məqsədəuyğun yanaşma dəqiqələr üzrə diferensiallaşdırılmış tarif sisteminin tətbiqidir”. pizza hut

İqtisadçı qeyd edib ki, bu cür ödənişlərin digər tərəfi onların kütləvi xarakter daşımasıdır:

“Ayrı-ayrılıqda bir neçə manat böyük məbləğ görünməyə bilər, amma sürücü gün ərzində bir neçə dəfə belə ödəniş etməli olduqda, ayın sonunda bu, ciddi xərcə çevrilir. Məsələn, hər gün iki dəfə 1 manatlıq parkinq haqqı ödəyən şəxs ay ərzində təxminən 60 manat əlavə xərc çəkir. Bu, xüsusilə gəlirləri məhdud olan vətəndaşlar üçün əhəmiyyətli məbləğdir. Belə xərclər insanların gündəlik həyatında hiss etdiyi inflyasiyanı da gücləndirir. Çünki inflyasiya yalnız ərzaq və kommunal xidmətlərin bahalaşması ilə məhdudlaşmır, gündəlik həyatın bütün zəruri xərclərinin artması ilə də özünü göstərir”.

“Şəhər mərkəzlərində parkinq yerlərinin məhdudluğu isə özəl operatorların mövqeyini gücləndirən əsas amillərdəndir. Sürücünün alternativ seçimi olmadıqda, o, operatorun müəyyən etdiyi şərtlərlə razılaşmağa məcbur qalır. Bu isə rəqabət mexanizminin zəifləməsinə və qiymətlərin istehlakçının maraqlarından daha çox operatorun kommersiya maraqlarına uyğun formalaşmasına şərait yaradır. Burada söhbət mütləq inhisarçılıqdan getməsə də, bazarda üstün mövqedən sui-istifadə riski mövcuddur. Dövlətin vəzifəsi sahibkarlığın fəaliyyətinə əsassız müdaxilə etmək deyil, sağlam rəqabəti və istehlakçı hüquqlarını qorumaqdır. Bunun üçün qısa müddətli dayanmalara uyğun tariflər, şəffaf qiymət siyasəti və operatorların fəaliyyətinə effektiv nəzarət mexanizmləri yaradılmalıdır. Əks halda, parkinq xidməti şəhər infrastrukturunun bir hissəsi olmaqdan çıxaraq vətəndaşın üzərinə düşən əlavə maliyyə yükünə çevrilə bilər”.

Cəlalə Cəlalqızı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью