Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sürücülər avtomobillərini parklanma ərazilərində saxlayarkən bəzən parklanma haqqının ödənilməsi ilə bağlı müxtəlif problemlərlə qarşılaşırlar.
Xüsusilə parklanmanın mobil telefon və internet vasitəsilə rəsmiləşdirilməsi bəzi hallarda sürücülər üçün əlavə çətinlik yaradır.
Telefonun sönməsi, internetin olmaması, tətbiqdə yaranan texniki nasazlıq və ya digər səbəblər vətəndaşın parklanmanı vaxtında sistemdə qeydiyyatdan keçirməsinə mane olur.
Belə vəziyyətdə sürücü parklanma haqqını ödəmək niyyətində olsa da, texniki imkan olmadığı üçün ödənişi həyata keçirə bilmir və nəticədə cərimə ilə üzləşir. Halbuki mobil rabitə, telefonlar və digər mobil cihazlar hər bir vətəndaş üçün parklanmanın rəsmiləşdirilməsində məcburi vasitəyə çevrilməməlidir.
Çünki hər kəsin həmin anda işlək telefonunun və ya internetə çıxışının olması təmin edilmir. Telefon və mobil internetdən istifadə vətəndaş üçün könüllü seçimidir.
Sürücü parklanmanı bu üsulla rəsmiləşdirməyə üstünlük verə bilər, lakin müəyyən səbəbdən telefonundan istifadə edə bilmədiyi halda, bu, onun parklanma haqqını ödəmək imkanını tamamilə aradan qaldırmamalıdır.
Əsas məsələ sürücüyə parklanma haqqını ödəmək üçün alternativ və əlçatan imkanların yaradılmasıdır.
Telefonu olmayan, telefonu sönən və ya hər hansı səbəbdən internetdən istifadə edə bilməyən vətəndaş niyə parklanma haqqını ödəmək imkanından məhrum edilərək cərimələnməlidir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, parklanma sistemində əsas prinsip vətəndaşı cərimələmək yox, ona ödənişi rahat şəkildə həyata keçirmək imkanı yaratmaq olmalıdır:
“Hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəsmi məlumatına görə, parklanma “AzParking” mobil tətbiqi və ya “1181” nömrəsinə SMS vasitəsilə başladılır və ödənişlər nağdsız həyata keçirilir.
Parklanma müddətinin tətbiq və ya SMS vasitəsilə başladılmamasına görə isə 20 manat cərimə nəzərdə tutulur. Eyni zamanda ilk 15 dəqiqəyədək parklanma ödənişsizdir, lakin avtomobil 15 dəqiqədən artıq saxlanıldıqda ödəniş bütün müddət üzrə hesablanır.
Burada diqqət yetirilməli əsas məsələ ondan ibarətdir ki, rəqəmsallaşma insanların həyatını asanlaşdırmalıdır, onları texniki vasitələrdən asılı vəziyyətə salmamalıdır.
Vətəndaşın smartfonunun, mobil internetinin və ya telefon balansının olması dövlət tərəfindən təqdim edilən parklanma xidmətindən istifadə etmək üçün faktiki məcburi şərtə çevrilməməlidir.
Telefon şəxsi istifadə vasitəsidir, yəni onun batareyası bitə, cihaz xarab ola, mobil şəbəkə və ya internet işləməyə, tətbiqdə texniki nasazlıq yarana bilər.
Hətta telefonunu ümumiyyətlə, istifadə etməyən, smartfonu olmayan yaşlı vətəndaş da avtomobil idarə edə və qanuni parklanma xidmətindən istifadə etmək istəyə bilər. Belə şəxsin məqsədi ödənişdən yayınmaq deyil, əksinə, parklanma haqqını ödəməkdirsə, sistem ona alternativ imkan təqdim etməlidir.
Maraqlıdır, AYNA-nın parklanma sistemi istifadəyə verilərkən rəsmi məlumatda ödənişlərin mobil tətbiq, SMS və ödəniş terminalı vasitəsilə həyata keçiriləcəyi bildirilirdi.
Buna görə də parklanma ərazilərində telefon və internetdən asılı olmayan real alternativlərin genişləndirilməsi məqsədəuyğun olardı.
Məsələn, parkomatlar və ya ödəniş terminalları quraşdırıla, bank kartının birbaşa toxundurulması ilə parklanma başlatmaq mümkün ola, parklanma məntəqəsinin kodunu daxil etməklə yaxınlıqdakı terminaldan ödəniş həyata keçirilə bilər.
Hətta avtomobilin dövlət qeydiyyat nişanının daxil edilməsi ilə müəyyən müddət üçün əvvəlcədən ödəniş etmək imkanı yaradıla bilər”. Onun sözlərinə görə, bu halda vətəndaşın qarşısında seçim olar:
“İstəyən mobil tətbiqdən, istəyən SMS-dən, istəyən bank kartından və ya terminaldan istifadə edər. Əsas məsələ odur ki, parklanma xidmətindən istifadə hüququ konkret bir texnologiyaya sahib olmaq məcburiyyəti ilə əlaqələndirilməsin.
AYNA özü də 2026-cı ilin iyununda “AzParking” tətbiqini yeniləyərkən istifadəçilərdən daxil olan müraciət və təkliflərin nəzərə alındığını, məqsədin parklanma prosesini daha rahat və operativ etmək olduğunu bildirib.
Hesab edirəm ki, növbəti mərhələdə məhz alternativ ödəniş mexanizmlərinin artırılması vacibdir. Çünki 50 qəpik, 1 manat və ya 2 manat parklanma haqqını ödəməyə hazır olan insanın telefonu söndüyünə görə 20 manat cərimələnməsi vətəndaşda haqlı narazılıq yarada bilər”.
Ekspert qeyd edib ki, ödənişdən qəsdən yayınan şəxslə texniki səbəbdən ödənişi həyata keçirə bilməyən şəxsin vəziyyətinə mümkün qədər fərqli yanaşmaq lazımdır:
“Parklanma siyasətinin məqsədi büdcəyə daha çox cərimə toplamaq deyil, şəhərdə parklanmanı nizamlamaq, yerlərin dövriyyəsini təmin etmək və insanların qanuni şəkildə xidmət haqqını ödəməsinə şərait yaratmaq olmalıdır.
Hesab edirəm ki, telefonu olmayan, telefonu sönən, internet və ya mobil rabitə problemi yaşayan vətəndaş üçün parklanma haqqını ödəməyin telefondan asılı olmayan alternativ üsulu mütləq əlçatan olmalıdır.
Əks halda rəqəmsallaşma rahatlıq vasitəsi olmaqdan çıxaraq vətəndaş üçün əlavə inzibati riskə çevrilir. Dövlət xidmətində isə prinsip belə olmalıdır: insan texnologiyaya uyğunlaşmağa məcbur edilməməli, texnologiya insanların müxtəlif imkanlarına uyğun qurulmalıdır”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: parklanma Adil Nəbiyev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin