Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır. Dairədəki adacıq təhlükəli vəziyyət yaradır.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki, Ukrayna dairəsi adlanan ərazidəki bu xətlənmədən gedir.
Sürücülərin əksəriyyəti bu xətlənmənin nə olduğundan xəbərsizdir, bəziləri isə cərimələnməkdən qorxurlar.
Bildirirlər ki, o adacıq pik saatlarda tıxacın olduğu dairədə zolaqların sayını da azaldır.
Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Ukrayna dairəsinin kənarında yerləşən nəqliyyat adacığı yol hərəkətinin təhlükəsizliyinin artırılması və axınların nizamlanması məqsədilə layihələndirilmiş mühəndis həllidir.
Nəqliyyat adacıqlarının əsas mahiyyəti yolun həndəsi quruluşu vasitəsilə sürücülərin hərəkət trayektoriyasını əvvəlcədən formalaşdırmaq, zolaq dəyişməni nizamlamaq və təhlükəli manevrlərin qarşısını almaqdan ibarətdir.
Sözügedən adacıqlar dairəyə daxilolma və dairə daxilində hərəkət edən nəqliyyat vasitələrinin axınlarını bir-birindən ayırmaqla sürücüləri məcburi, lakin nəzarətli zolaq dəyişməyə yönləndirir.
Adacığın məqsədi qəza şəraiti yaratmaq deyil, əksinə, ani və nizamsız zolaq dəyişmələrinin qarşısını almaqla potensial riskləri əvvəlcədən aradan qaldırmaqdır .