Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Yollarda sürət həddinə nəzarət etmək məqsədilə radarların quraşdırılması yol hərəkəti təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Bəs qanunvericiliyə əsasən, radarların hansı ərazilərdə quraşdırılmasına icazə verilir, hansı yerlərdə isə bu, qadağandır?
"Yeni Sabah" xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, qanunvericilikdə radarların harada quraşdırılması ilə bağlı konkret müddəalar yoxdur. pizza hut
Onun sözlərinə görə, dünyanın hər yerində formalaşmış təcrübə var:
"Bir də məntiq var və bu işlər həmin məntiqə uyğun görülməlidir. Dünyada yayılmış təcrübə necədir? Radar yol hərəkəti təhlükəsizliyinə nəzarət eləmək üçün nəzərdə tutulan texniki vasitələrdən biridir və təyinatı da odur ki, sürət rejiminə nəzarət edilsin, sürət həddinin aşılması hallarının qarşısı alınsın, bunu edənlər barəsində də tədbirlər görülsün. Ona görə dünyanın hər yerində bu radarları o yerlərdə quraşdırırlar ki, həmin yerlərdə sürücülər tərəfindən müəyyən olunmuş sürət həddinin aşılması daha təhlükəlidir.
Sürət həddinin aşılmasının qəza riskini artırdığı təhlükəli ərazilərdə radarlar müvafiq qaydalara uyğun quraşdırılır. Onsuz da yolların hər yerinə radar qoymaq mümkün deyil, bunu etməyə heç bir ehtiyac yoxdur. Ona görə də radarların yerləri müəyyən edilərkən məhz bu meyar nəzərə alınmalıdır. Harda ki, sürət həddinin aşılması təhlükəlidir, yol-nəqliyyat hadisələrinə, qəzalara gətirib çıxara bilər, həmin yerlərdə radar tətbiq olunmalıdır ki, sürət həddinin aşılması halları azalsın".