Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avtomobil sənayesində baş verən rəqəmsal yeniliklər sürücülərin illərdir alışdığı ənənəvi texniki xidmət qaydalarını dəyişir. Yeni nəsil avtomobillərdə mühərrik yağının səviyyəsini yoxlamaq üçün istifadə olunan klassik metal yağölçən çubuq tədricən elektron sistemlərlə əvəz edilir.
Avtosfer.az xəbər verir ki, əvvəllər sürücülər mühərrik yağının səviyyəsini yoxlamaq üçün avtomobilin kapotunu açmalı, yağölçən çubuğu çıxararaq onun üzərindəki minimum və maksimum göstəriciləri yoxlamalı olurdular.
Lakin avtomobil texnologiyalarının inkişafı bu prosesi də dəyişdirir. Müasir modellərdə ənənəvi mexaniki üsulun yerini elektron sensorlar tutur.
Yeni sistemdə mühərrikin yağ karterinə yerləşdirilən sensorlar yağın səviyyəsini ölçərək əldə etdikləri məlumatları avtomobilin elektron idarəetmə blokuna ötürür. Daha sonra bu göstəricilər sürücünün görə biləcəyi mərkəzi multimedia panelində və ya avtomobilin məlumat ekranında əks olunur.
Beləliklə, sürücülər kapotu açmadan və yağölçən çubuqdan istifadə etmədən mühərrik yağının səviyyəsi barədə məlumat əldə edə bilirlər. Bu yenilik avtomobillərə texniki xidmət prosesini daha rahat və praktik edir.
Qeyd edək ki, elektron yağölçmə texnologiyası avtomobil sənayesi üçün yeni deyil. N1.hr nəşrinin məlumatına görə, bu sistem Avropa bazarında lüks avtomobillərdə 10 ildən artıqdır istifadə olunur. Hazırda isə texnologiyanın inkişafı və yayılması nəticəsində elektron yağölçmə sistemləri daha çox yeni nəsil avtomobillərdə tətbiq edilir.
Bununla belə, elektron sistemin mövcudluğu bütün avtomobillərdə ənənəvi yağölçən çubuğun tamamilə aradan qalxdığı anlamına gəlmir. Bu xüsusiyyət konkret model və istehsalçının texniki həllindən asılıdır.
Eltac Züflüqaroğlu