Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycanda avtoxuliqanlıq halları ilə bağlı inzibati tədbirlər və cəzalar hüquqi çərçivədə müəyyən olunub.
İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə əsasən, avtoxuliqanlıq sürücünün ictimai asayişi və əhalinin dincliyini kobud şəkildə pozan, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən və yol hərəkəti qaydalarının heçə sayılması ilə müşayiət olunan qərəzli hərəkətləri kimi qiymətləndirilir”.
Bu fikirləri hüquqşünas Tural Həsənli KONKRET.az-a açıqlamasında səsləndirib.
Tural Həsənli “Qanunvericiliyə görə, aşağıdakı hallar avtoxuliqanlıq hesab olunur: İki və ya daha çox avtomobilin iştirakı ilə sürət yarışlarının təşkili; Avtomobilin bir və ya bir neçə təkərinin yer səthindən qaldırılaraq idarə edilməsi; Qəfil sürətlənmə nəticəsində təkərlərin yol səthinə sürtünməsi ilə səs-küy yaradılması və izlərin qalması”.
Vəkil qeyd edir ki, bu cür iz və səslər qəza vəziyyətindən yayınmaq məqsədilə yaranıbsa, həmin hal avtoxuliqanlıq kimi dəyərləndirilmir: “Avtoxuliqanlıq əməlləri aşkarlandıqda yol polisi tərəfindən inzibati xəta haqqında protokol tərtib olunur.
Əgər sürücü polis əməkdaşının qanuni tələbinə tabe olmursa, müqavimət göstərirsə və ya itaətsizlik edirsə, bu zaman onun tutulması və avtomobilin cərimə meydançasına aparılması mümkündür.
Lakin nəqliyyat vasitəsini idarə edə biləcək başqa bir şəxs varsa, avtomobilin saxlanması zəruri sayılmır”.