Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verildiyi kimi, son zamanlar sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, taksiyə buraxılış kartı və fərqlənmə nişanı hansı ərazidən alınırsa, sürücü yalnız həmin yerdə işləyə bilər. Sürücülər deyirlər ki, artıq xeyli müddətdir yalnız paytaxt ərazisindən sifariş alırlar.
Bəzi sürücülərin fikrincə, digər rayon və şəhərlərdən buraxılış kartı alanların ancaq həmin ərazilərdə işləyə bilmələri taksi sayına da təsir edir. Bəzi sürücülər isə hələlik belə qaydanın tətbiqindən xəbəsizdirlər.
Məsələ ilə bağlı “Bolt” və “Yango” taksi şirkətlərindən bildirilib ki, qərardan xəbərdardırlar. Bu qərar çərçivəsində onun icra üsulları müzakirə olunur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə isə Avtomobil Nəqliyyatı haqqında Qanunun 20.2-ci maddəsinə əsasən, taksi və minik avtomobillər ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilən ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında, qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən, taksi və minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında müəyyən edilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə görə 50 manat cərimə nəzərdə tutulub.
Bu vəziyyətdə taksidən istifadə məhdudlaşa bilərmi? Taksi sifarişlərində əhalini nə gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirir ki, bu qayda müəyyən dərəcədə prosedurları çətinləşdirə bilər:
“Məsələn, ola bilər ki, sürücü buraxılış kartı icazə verilən hansısa ərazidə avtomobillərin sayı çoxdur. Amma avtomobillərin sayına tələb olarkən təklif azdır, təklif olan yerə isə tələb azdır. Belə tərs mütənasiblik olan ərazilər üçün vəziyyət çətin ola bilər.
Deyək ki, Nəsimi rayonunda 500 nəfər buraxılış kartı alıb, amma gündəlik tələb 500 deyil, 5000-dir. O zaman digər 4500 vətəndaşın müraciəti boş qalacaq. Eyni zamanda, məsələn, Pirallahıda 500 nəfər müraciət edir, amma taksidən istifadə edənlərin sayı 100 nəfərdir. Bu zaman da 400 nəfər işləyə bilməyəcək. Düşünürəm ki, bu prosesləri nəzarətdə saxlamaq lazımdır”.
Bəs digər regionlarda taksidən istifadə məhdudlaşa bilərmi?
Ekspert qeyd edir ki, digər şəhər və rayonlarda taksidən istifadə geniş yayılmayıb. Əsas iri şəhərlərdə, yəni Bakı, Sumqayıt, Gəncə və müəyyən dərəcədə Lənkəranda bu sistemlər işləyir:
“Amma orada da mənfi təsir göstərə bilər, çünki bu, təklif və tələbdən irəli gəlir. Bu vəziyyətdə yalnız mənfi-müsbət hallar barədə monitorinq apardıqdan sonra son nəticəyə gələ bilərik. Amma bilirik ki, bölgələrdə marşrutlardan istifadə edən azdır. Deməli, taksidən də istifadə edən azdır. Şəxsi avtomobillərə üstünlük verirlər. Yəni müəyyən tələb-təklifə görə insanlar taksi tapa bilməyəcək və nəticədə, gediş-gəliş çətinləşəcək”.
Fatimə Əliyeva, Bizim.Media