Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına çağırış edib.
Mia.az xəbər verir ki, açıqlamada hazırda əvvəlcədən xəbərdarlıq edildiyi kimi, ölkənin bir sıra şəhər və rayonlarında yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava və yol şəraiti müşahidə olunduğu qeyd edilib:
"Mövcud hava şəraiti ilə əlaqədar yol örtüyündə sürüşmə ehtimalı artır. Ayrı-ayrı ərazilərdə, xüsusən də qar yağan yol sahələrində sürüşkənlik daha da artır ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir. Bu səbəbdən sürücülərdən xahiş edirik ki, hərəkət zamanı son dərəcə ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsini qorusunlar, müəyyən edilmiş sürət həddinə ciddi riayət etsinlər, qəfil manevrlərdən çəkinərək yol hərəkəti qaydalarına tam əməl etsinlər.
Bir daha bütün yol hərəkəti iştirakçılarını diqqətli davranmağa və qarşılıqlı anlayış nümayiş etdirməyə çağırırıq. Unutmayaq ki, yol hərəkəti qaydalarına riayət və diqqətli davranış mümkün risklərin qarşısını almağın əsas şərtidir".