Icma.az, Olke.az saytına istinadən bildirir.
Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müşaviri Asif İbrahimov son günlər paytaxt Bakıda, Badamdar qəsəbəsində aktivləşən sürüşmələr və onun mümkün zərərlərini Ölkə.az-a şərh edərkən deyib.
O bildirib ki, sürüşmə zonalarında yerləşən evlər bir neçə istiqamətdə risk altındadır:
“Torpaq qatının hərəkətlənməsi binaların bünövrəsində çatların yaranmasına, divar və konstruksiyaların deformasiyasına, kommunikasiya xətlərinin sıradan çıxmasına səbəb ola bilər. Sürüşmənin intensivləşdiyi ərazilərdə bəzi evlərin yaşayış üçün yararsız vəziyyətə düşməsi ehtimalı da mövcuddur. Buna görə də həmin ərazilərdə mühəndis-geoloji araşdırmalar aparılmalı, hər bir tikilinin texniki vəziyyəti ayrıca qiymətləndirilməlidir”.
Ekspertin sözlərinə görə, bu hadisələrin daşınmaz əmlak bazarına təsiri artıq hiss olunur: “Uzun müddət Badamdarda və digər prestijli hesab edilən ərazilərdə evlərin və torpaq sahələrinin qiymətlərində yüksək artım müşahidə olunurdu. Bəzi hallarda qiymətlər real bazar dəyərindən daha çox gözləntilər və spekulyativ yanaşmalar əsasında formalaşırdı. Son yağıntılar və sürüşmə təhlükəsi həmin qiymətlərin dayanıqlığını ciddi şəkildə sual altına qoyub.
Daşınmaz əmlak bazarında qiymət tələb və təkliflə yanaşı, risklərin səviyyəsindən də asılıdır. Əgər ərazidə sürüşmə ehtimalı yüksəkdirsə, həmin əmlakın likvidliyi azalır, alıcıların marağı zəifləyir, sığortalanma və maliyyələşmə imkanları məhdudlaşa bilər. Nəticədə əmlakın bazar dəyərinə mənfi təsir yaranır”.
A.İbrahimov qeyd edib ki, bu baxımdan Badamdarla yanaşı, Bayıl, Zığ və Bakının digər sürüşmə zonalarında yerləşən daşınmaz əmlakların yenidən qiymətləndirilməsinə ehtiyac var. Qiymətləndirmə zamanı ərazinin geoloji vəziyyəti, sürüşmə ehtimalı, tikilinin texniki təhlükəsizliyi, infrastruktur və gələcəkdə həmin əmlakdan istifadə imkanları nəzərə alınmalıdır”.
Ekspert kompensasiya məsələsinə də diqqət çəkib:
“Digər mühüm məsələ sürüşmə nəticəsində evlərə zərər dəydiyi halda kompensasiyanın ödənilməsi mexanizmidir. “İcbari sığortalar haqqında” qanuna əsasən, yer sürüşməsi daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisələri sırasına daxildir. Bu səbəbdən sığortalanmış əmlaka sürüşmə nəticəsində zərər dəydikdə, hadisənin sığorta təminatına uyğunluğu müəyyənləşdirildikdən sonra sığorta ödənişi həyata keçirilə bilər. Burada qanunvericilikdə nəzərdə tutulan istisnalar və sığorta müqaviləsinin şərtləri də nəzərə alınmalıdır.
Dövlət hesabına kompensasiya və ya əvəz torpaq sahəsinin ayrılması məsələsi də müvafiq hüquqi əsaslar olduqda gündəmə gələ bilər. Xüsusilə, təbii fəlakət nəticəsində yaşayış evi dağıldıqda və həmin ərazidə yenidən tikinti aparılması mümkün olmadıqda qanunvericilikdə nəzərdə tutulan mexanizmlər tətbiq oluna bilər. Bunun üçün hadisənin rəsmi təsdiqi, zərərin müəyyənləşdirilməsi, mülkiyyət hüququnu təsdiq edən sənədlər və müvafiq dövlət orqanlarının qərarları əhəmiyyət daşıyır. Sürüşmə zonasında yerləşən bütün evlərin sahiblərinə avtomatik kompensasiya verilməsi nəzərdə tutulmur”.
A.İbrahimov hesab edir ki, Bakı şəhərində sürüşmə riski olan ərazilərin vahid geoloji xəritəsi hazırlanmalı və ictimaiyyətə açıq olmalıdır. Vətəndaş ev alarkən həmin ərazinin hansı risk kateqoriyasına aid olduğunu əvvəlcədən öyrənə bilməlidir. Eyni zamanda, belə ərazilərdə tikinti və torpaq satışına nəzarət gücləndirilməli, geoloji təhlükəsizlik rəyləri tikinti qərarlarının əsas şərtlərindən biri olmalıdır:
“Daşınmaz əmlak bazarında qiymətlərin formalaşması zamanı geoloji risklərin nəzərə alınması artıq xüsusi əhəmiyyət daşıyır. Bu, həm vətəndaşların maliyyə itkilərinin qarşısını almaq, həm bankların girov risklərini düzgün hesablamaq, həm də sığorta sisteminin dayanıqlığını təmin etmək üçün vacibdir.
Badamdar, Bayıl və Zığda baş verən proseslər daşınmaz əmlak bazarına ciddi mesajdır ki, əmlakın iqtisadi dəyəri onun təhlükəsizliyindən, istismar imkanlarından və yerləşdiyi ərazinin real risk səviyyəsindən birbaşa asılıdır”.
Könül Vəliyeva