Şuşa Bıyannməsindən Daşkənd müqaviləsinə

25.08.2026

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Azərbaycanın xarici siyasət konsepsiyasında Mərkəzi Asiya respublikaları ilə münasibətlərin inkişaf etdirilməsinə xüsusi yer ayrılır və əsas prioritet kimi diqqət çəkir. Regionun hər bir ölkəsi ilə qurulan qarşılıqlı faydalı əməkdaşlıq və imzalanan mühüm əhəmiyyətli sənədlər Bakını regiona daha da yaxınlaşdırır, Mərkəzi Asiya ilə Cənubi Qafqazın əsas aparıcı gücü sayılan Azərbaycanla bağları möhkəmləndirir. Prosesin alt qatına diqqət yetirdikdə və cərəyan edən hadisələri təhlil etdikdə belə bir mənzərə üzə çıxır ki, əslində burada əsas məqsəd bir regionla, hazırkı situasiyada Mərkəzi Asiya respublikaları ilə əməkdaşlıqdan daha çox böyük mənada, Türk dünyası çərçivəsində əlaqələrin qurulması, inteqrasiyanın sürətləndirilməsindən söhbət gedir. Azərbaycanın bu prosesdə hansı dərəcədə maraqlı olduğu Bakının ortaya qoyduğu siyasəi iradədən aydın şəkildə görünür. Bakının strategiyası, ortaya qoyduğu konsepsiya bəllidir. Türk dünyasının hər bir üzvü, ölkəsi ilə bu inteqrasiyanın sürətləndirilməsinə xismət edən ikitərəfli sazişlər, müqavilələr imzalayıb əməkdaşlığı daha da dərinləşdirmək, ikitərəfli əlaqələri çoxtərəfli əməkdaşlıq formatına gətirərək birlik və bərabərliyə yeni rəng qatmaq. Bu mənada 5 il əvvəl qardaş Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi, bu günlərdə isə Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı iki ölkə arasında Əbədi Dostluq Müqaviləsinin imzalanmasınə xüsusi qeyd etmək yerinə düşər.
Məlumat üçün qeyd edək ki, 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldən tarixi sənəd oldu. Şuşa Bəyannaməsi iki ölkənin təhlükəsizlik, müdafiə, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığını daha sistemli çərçivəyə saldı.

Daşkənddə imzalanan Azərbaycan–Özbəkistan Əbədi Dostluq Müqaviləsinin Şuşa Bəyannaməsinə bənzərliyi isə ilk növbədə onun siyasi fəlsəfəsində görünür. Hər iki sənəd iki qardaş dövlət arasında yüksək etimadı, qarşılıqlı dəstəyi və uzunmüddətli strateji münasibətləri hüquqi-siyasi çərçivəyə salmaq məqsədi daşıyır. Düzrür, hər iki sənədi tam eyniləşdirmək doğru olmasa da, ancaq ümumilikdə həm Şuşa Bəyannaməsi, həm də Əbədi Dostluq Müqaviləsi ikitərəfli əlaqələrin inkişaf etdirilməsindən daha çox Türk dünyası çərçivəsində birlik və bərabərliyə, inteqrasiyanın sürətləndirilməsinə xidmət edir. Çünki hər iki mühüm sənədin məzmununda ümumilikdə Türk dünyasının inteqrasiyasının sürətləndirilməsinə xidmət edən məqamlar mövcuddur. Ən əsası, Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyinin siyasi-strateji modelini formalaşdırdısa, Daşkənddə imzalanan müqavilə Azərbaycan–Özbəkistan münasibətlərinin daha dərin və uzunmüddətli müttəfiqlik xəttini möhkəmləndirir.
Bakı ilə Daşkənd arasında imzalanmış Əbədi Dostluq Müqaviləsini doğuran səbəblərə bir qədər dərindən nəzər yetirdikdə aydın şəkildə görürük ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksələrək strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri alıb. Bu dinamikanın əsasında yalnız siyasi və iqtisadi maraqlar deyil, xalqlarımızı birləşdirən ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər dayanır. Bu baxımdan Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmlənməsi təkcə iki qardaş dövlətin münasibətlərinin inkişafı deyil, bütövlükdə Türk dünyasının inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Bu prosesdə Bakı qədər Daşkənd də kifayət qədər maraqlı görünür. Özbəkistan Prezidentinin ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıqda Azərbaycanla əlaqələrə xüsusi diqqət yetirməsi aydın şəkildə özünü göstərir. Təsadüfi deyil ki, Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşündə təmsil olunmasının əsas təşəbbüskarlarından biri də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev olub. Özbəkistan Prezidenti TDT çərçivəsində də inteqrasiyanın sürətləndirilməsinin maraqlı tərəfdarı kimi çıxış edir. Daşkənd TDT çərçivəsində inteqrasiyanın sürətləndirilməsində Azərbaycanın rolu və çəkisini xüsusi nəzərə aldığından Bakı ilə əlaqələrin inkişafına xüsusi önəm verir.
Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Əbədi Dostluq Müqaviləsinin ən geniş siyasi nəticələrindən biri onun Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərə təsir göstərə bilməsidir. Azərbaycan və Özbəkistanın yaxınlaşması Türk dünyasında Şərqdən Qərbə uzanan daha sıx siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin formalaşmasına xidmət edə bilər. Azərbaycan Türkiyə ilə müttəfiqlik münasibətlərini Şuşa Bəyannaməsi ilə rəsmiləşdirib. İndi Azərbaycan–Özbəkistan münasibətlərinin də yüksək səviyyəyə çatması Türk dünyasında ikitərəfli müttəfiqlik əlaqələrinin çoxalması baxımından əhəmiyyətlidir.

Bakı və Daşkənd ərazi bütövlüyü və suverenliyin qorunması məsələsində də bir-birinin prinsipial mövqeyinə hörmətlə yanaşır, onu dəstəkləyir. 44 günlük Vətən Müharibəsində Daşkəndin Bakının apardığı haqq işi uğrunda mübarizəyə mənəvi dəstək nümayiş etdirməsi, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağın bərpasına ilk dəstək verən ölkələrdən birinin Özbəkistan olması, Füzulidə Uluq bəy adına məktəb, Xanləndidə tikiş fabrikinin tikilməsi deyilənlərin əyani sübutudur.
Göründüyü kimi, Azərbaycan və Özbəkistanın qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişafı Türk dünyasının inteqrasiyası üçün nümunəvi model formalaşdırır. Qarşılıqlı etimad və ortaq maraqlar əsasında qurulan bu əməkdaşlıq gələcəkdə Türk Dövlətləri Təşkilatının daha güclü siyasi-iqtisadi platformaya çevrilməsinə, ortaq nəqliyyat və enerji layihələrinin genişlənməsinə, mədəni-humanitar əlaqələrin dərinləşməsinə mühüm töhfə verə bilər. Bu mənada Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı yalnız iki dövlətin uğuru deyil, ortaq türk gələcəyinin qurulması istiqamətində atılan mühüm addımlardan biridir. Ümid etmək olar ki, oxşar proses digər Mərkəzi Asiya respublikaları, TDT-yə üzv olan ölkələrlə də davam etdirilərək ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi üçün real addımlar atılacaq. Bu məsələdə Azərbaycanın mövqeyi bəllidir və qeyd etdiyimiz istiqamətlərdə əməkdaşlığa maraqlıdır. Digər ölkələrin də anolji addımlar atacağı və bunun isə ümumilikdə Türk dünyasının daha sıx inteqrasiyasına təkan verəcəyi inamımız yüksəkdir.
İlham İsmayılov,
ATXƏM sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью