Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
31 oktyabr Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun şəhadətə yüksəldiyi gündür
Azərbaycan xalqının əsrlər boyu həsrətində olduğu Qarabağ Zəfərinin əldə olunmasında hər bir hərbi qulluqçunun, xüsusilə də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) igid döyüşçülərinin müstəsna rolu vardır. Vətən torpaqlarının azadlığı uğrunda canını fəda edən, döyüş meydanında əsl peşəkarlıq və mərdlik nümunəsi göstərən qəhrəmanlarımızdan biri də Vətən Müharibəsi Qəhrəmanı baş gizir Şahin Hüseynbala oğlu Allahyarovdur.
Şahin 29 yanvar 1993-cü ildə Hacıqabul rayonunda anadan olmuşdur. 1999-2010-cu illərdə Quba rayonu Zizik kənd Əli Heydər adına tam orta məktəbdə təhsil almışdır. 2011-2012-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2016-cı ildən Dövlət Sərhəd Xidməti siralarına qəbul olunmuşdur. Zaqatala sərhəd dəstəsində müxtəlif vəzifələrdə xidmət etdiyi dövrdə özünü bacarıqlı hərbiçi kimi göstərmişdir. 2019-cu ildən Sərhəd Qoşunlarının Qazax əlahiddə sərhəd diviziyasında kəşfiyyatçı vəzifəsində xidmətini davam etdirən Şahin mənfur düşmənlə üzbəüz xidmət aparmağı ilə qürur duyardı.
Vətən müharibəsinin ilk günlərindən ön cəbhəyə yollanan Şahin bir sıra yaşayış məntəqələrimizin azad olunmasında qəhrəmanlıq göstərmişdir. Cəbhənin Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmiş, Hadrut qəsəbəsinin azad olunmasında fərqlənmişdir.
Oktyabr ayının 20-də baş gizir Allahyarov Şahin döyüşçü yoldaşları ilə birlikdə düşmən arxasına sızmış, Zoğalbulaq, Azıx, Böyük Tağlar, Tuğ, Ağdam, Düdükcü kəndlərinin düşməndən azad edilməsi, azad olunmuş yaşayış məntəqələrinin və ətraf ərazilərin düşməndən təmizlənməsində rəşadət göstərmişdir.
Şahinin son döyüşü Şuşa şəhəri uğrunda oldu. Vətən müharibəsinin gedişatında xüsusi əhəmiyyət kəsb edən Şuşa şəhərinin azad olunması cəsur kəşfiyyatçı Şahin Allahyarovun ən böyük arzularından biri idi. Lakin bu onun sonuncu döyüşü oldu. 31 oktyabrda 2020-ci il tarixdə Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid oldu.
2 övladı Vətən əmanətidir. Vəsiyyət etdiyi kimi ölümündən sonra dünyaya gələn oğluna Şahin adı qoyulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi qəhrəmanlıq nümunəsinə görə baş gizir Allahyarov Şahin Hüseynbala oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
3 noyabr 2020-ci ildə Quba rayonunun Zizik kəndində kəndində dəfn edilmişdir.
Şahin Allahyarov kimi Xüsusi Təyinatlı Qüvvələrin mərd igidləri xalqımızın qürur mənbəyidir. Vətən Müharibəsi Qəhrəmanının əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq, ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Müşfiq MİRZƏ
XQ