Şuşa sakinləri: Burada çalışmaq şərəfli və məsuliyyətlidir FOTO

22.01.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Uşaqlıqdan öz biznesimi qurmaq arzum olub. Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən məşğulluq proqramına qoşulmuşam və avadanlıqlarla təmin olunmuşam”.

Bu sözəri APA-ya Şuşanın 20 yaşlı sakini Kamil Zeynalov bildirib.

O qeyd edib ki, bu, ilk biznesidir: "Mən kofe sahəsini çox sevirəm. Dövlət Məşğulluq Agentliyinin məşğulluq proqramı mənə böyük dəstək oldu. İndi mənim "Coffebar"ım var. Şuşada insanlara təzə qəhvə verərək onları sevindirirəm. Hər gün yeni insanlarla tanış oluram".

Kamil Zeynalov bildirib ki, Şuşa inkişaf edir, yenidən qurulur: “Burada yaşamaq üçün bizə yeni inşa edilən binalardan bizə 4 otaqlı ev veriblər. Atam sahibkardı və Şuşada arıçılıqla məşğul olur. Həmçinin burda işləməklə yanaşı ölkə xaricində universitetlərin birində onlayn təhsil alıram”.

Şuşa sakini Səbinə Məmmədova isə deyib ki, şəhərə köçən ilk 20 ailədən biri də onların ailəsidir: "Mənzilimizin açarını cənab Prezident təqdim etdi. Bu, bizim üçün əlamətdar tarix olmaqla yanaşı, həm də Şuşa sakini kimi məsuliyyətimizi daha da artırdı”.

Səbinə Məmmədova deyib ki, köçəndən sonra Şuşada öz peşəsi üzrə gözəllik salonunda xidmət göstərməyə başlayıb: "Həm yerli sakinlərə xidmət edirəm, həm də ailəmizin maddi vəziyyətinə köməklik göstərirəm. Müraciətim üzrə Dövlət Məşğulluq Xidməti tərəfindən avadanlıqlarla təmin olundum. Bu isə işimin daha keyfiyyətli və asan olmasına köməklik göstərdi. Ümumiyyətlə, Şuşada xidmət göstərmək böyük şərəf və böyük məsuliyyətdir".

Şuşa sakini Natiq Qurbanov bildirib ki, şəhərin işğalından öncə Mədəni Maarif Pedaqoji Texnikumunda sürücü işləyib: "Tələbələri daşıyırdım. Köçkünlük dövründə də sərnişin nəqliyyatında çalışmışam. Torpaqlar alınandan sonrada qayıdıb gəlmişəm, yenə sürücü işləyirəm”.

O qeyd edib ki, 2022-ci ildə Şuşaya qayıdıb və 4 ildir burada yaşayır.

“Şuşada yenidən sərnişin avtobusu idarə edirəm. İşğal dövründə bilirdim ki, nə vaxtsa torpaqlar geri qayıdacaq. İşlər sürətlə gedir, quruculuq işləri aparılır. Burada köhnə heç nə qalmayıb, hər şey yenilənir. Şuşa bir ailənin yaşaya biləcəyi hər şeylə təmin edilib”, - deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью