Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Zəfər müjdəli bayrağımız şəhərin baş binası üzərində necə dalğalandı?
Zirvələrdə dalğalandıqca yağının bağrını yaran, dostu sevindirən, düşmənləri xar edən şanlı bayrağımızı Şuşaya sancan igidimiz, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynovla elə uğrunda döyüşdüyü, torpağını qanı ilə suvardığı azad Qarabağda, əzəli, əbədi yurdumuz Xankəndidə görüşdük. Əslində onun geniş təqdimata ehtiyacı yoxdur.
6 il əvvəl xalqımızın “Dəmir yumruq” kimi birləşərək apardığı 44 günlük haqq savaşının zəfər möhürünün vurulduğu anlardan birini – igidlərimizin bayrağımızı Şuşada ucaltmasının və qəhrəmanımızın azan səsləndirməsinin görüntülərini hamımız qürur və sevinc göz yaşları içərisində izləmişik. Sadə insan, səmimi həmsöhbət olan Yaşar Hüseynovla yenidən o günləri xatırladıq, həmin vaxt hansı hisslər keçirdiyini soruşduq:
– Binanın üstünə çıxanda bunun çox təhlükəli olduğunu bilirdik. Çünki şəhərdə təmizləmə əməliyyatı aparılsa da, kənarlardan düşmən snayperlərinin hədəfinə çevrilə bilərdik. Ancaq dedim, nə olursa, olsun, mən bütün müharibə boyu arzuladığım bu missiyanı yerinə yetirməliyəm. Separatçıların əski parçasını çıxarıb atdım. Bayrağımızı bütün xalqımızın görmək istədiyi yerə sancanda yaşadığım sevinc sözlə ifadə ediləcək deyil. Bir də Şuşaya qədər uzanan ağır döyüş yollarında şəhid olan, bu zəfər anını görə bilməyən şəhid yoldaşlarım gözlərim önündən keçdi. Çünki onların hamısı Şuşa zəfərinə köklənmişdi, Şuşaya çatmağı arzulayırdı. Maraqlısı odur ki, əvvəllər heç birimiz Şuşanı görməmişdik, ancaq bu müqəddəs şəhərimizə qarşı hər birimizin ürəyində sonsuz sevgi vardı. Bax buna görə də bayrağı sancandan sonra, əhd elədiyim kimi, yüksək səslə azan oxuyanda kövrəldim...
Peşəkar hərbçi, üstəlik, qəhrəman olmaq 1981-ci ildə Ağdam rayonunun Abdal kəndində doğulmuş Yaşar Hüseynovun alın yazısıdır: Uşaqlığı Birinci Qarabağ müharibəsinə təsadüf edib, ailəsi sözsüz bir vətənpərvərlik nümunəsidir. Belə ki, həmin müharibə zamanı 3 qardaşı Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərin iştirakçısı olub. Onlardan Sadiq və Fərman müharibə veteranıdır, digər qardaşı Füzuli isə 1994-cü il aprelin 16-da Ağdam rayonunun Yusifcanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Yaşar bax belə bir ailədə böyüyüb. Doğma ata-baba yurdlarının işğalından sonra Bərdə rayonunda məskunlaşıblar. 2000-ci ildə həqiqi hərbi xidmətə çağırılan qəhrəmanımız 2001-ci ilin martından Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb və sonrakı illərdə bir sıra mühüm döyüş əməliyyatlarında iştirak edib. 2014-cü ilin avqustunda Goranboy rayonunun Gülüstan qəsəbəsi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb. 8 ay davam edən müalicədən sonra, 2015-ci ilin aprelində yenidən hərbi xidmətə qayıdıb və cəmi bir il sonra, 2016-cı ildə böyük qələbələrimizin ilk müjdəçisi olan Aprel döyüşlərində iştirak edərək şücaət göstərib.
2020-ci ildə 44 günlük zəfər yürüşünə ilk andan, özü də ön sıralardan qoşulan Yaşarın döyüş yolu cəbhənin Cəbrayıl istiqamətindən başlayıb, həmçinin Füzulinin və Şuşanın azadlığı uğrunda davam edib. Oktyabrın 9-da Füzuli rayonunun Gorazıllı yaşayış məntəqəsinin azad olunması zamanı növbəti dəfə yaralanaraq xəstəxanaya yerləşdirilib. Ancaq Vətən eşqi ona müalicəsini tam başa çatdırmağa imkan verməyib, həkimlərin israrına baxmayaraq, oktyabrın 21-də yenidən döyüş bölgəsinə qayıdıb. “Niyə tam sağalmağınızı gözləmədiniz” sualımıza “elə tarixi anlarda, torpaqlarımızın azadlığı uğrunda qanlı döyüşlərin getdiyi vaxtda mən necə yatıb dincələ bilərdim” sualı ilə cavab verdi.
Şuşanın azad edilməsi uğrunda döyüşlərdə xüsusi şücaət göstərən qəhrəmanımız noyabrın 5-dən 6-na keçən gecə döyüş yoldaşları ilə birgə şəhərə daxil olub, şəhərin düşmən işğalından azad edilməsi əməliyyatında iştirak edib. Noyabrın 7-də saat 13:45-də isə ən böyük arzusu reallaşıb: Separatçı rejimin Şuşa şəhərində yerləşən inzibati binanın üzərindəki bayrağını çıxararaq yerinə müqəddəs üçrəngli Azərbaycan bayrağını sancıb, əhd etdiyi kimi, işğaldan sonra Şuşada ilk dəfə azan səsləndirib.
Y.Hüseynov Vətən borcunu sonrakı illərdə də davam etdirərək 2021-ci ildə Ermənistanla şərti sərhəddə düşmənin təxribatlarının qarşısını almaq məqsədilə baş vermiş döyüşlərdə, daha sonra isə 2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror əməliyyatı zamanı Xankəndi və ətraf yaşayış məntəqələrinin azad olunmasında iştirak edib.
Söhbət zamanı bildirdi ki, müharibədən xatırladığı təkcə qanlı döyüşlər deyil. O günlərdən unudulmayacaq zarafat dolu məqamlar da qalıb:
– Hərdən öz aramızda zarafatlaşırdıq. İnanın, bu olmasaydı, itirdiyimiz döyüş dostlarımızın acısı bizdə ruh düşkünlüyü yaradardı, iradəmizi, ayıq-sayıqlığımızı itirə bilərdik. Bir xatirəmi bölüşmək istəyirəm. Cəbrayılı azad etdikdən sonra irəliləyirik. Neçə günün yorğunluğu, yuxusuzluğu. Bir də gözlərimi açdım ki, elə ayaq üstə yatmışam, eləcə yeriyirəm. Baxdım ki, məndən başqa da gözüyumulu gedənlər var. Növbəti yaşayış məntəqəsinə az qalmışdı, dedik bu kənddə dincələrik. İşıqlananda gördük ki, erməni vandalları kəndi necə dağıdıblarsa, təkcə bir evin arxa divarından başqa tikili heç nə qalmayıb. Dedik, eybi yoxdur, divarın dibində bir az yatarıq, ən azından küləyin qarşısını kəsir. Günlərdir döyüşdə, yollarda, üst-başımız palçıq, gözlərimizə qədər kir-pas içindəyik. Bu vaxt Babək adlı döyüş yoldaşımız qeyri-iradi dedi ki, mən burda uzanmayacam, paltarım toz olacaq. Hamımızı dəli bir gülmək tutdu...
Hazırda bir oğul və bir qız atası olan qəhrəmanımız ailəsi ilə birlikdə Xankəndidə yaşayır. Seçiminə görə fəxr etdiyini bildirdi. Dedi ki, Xankəndi doğmadır, əzizdir. Üstəlik, buradan tez-tez Şuşaya getmək də asan olur – üçrəngli bayrağımızı ilk dəfə zirvəsinə sancdığı, azadlığına qovuşduqdan sonra ilk azanını oxuduğu Şuşaya...
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri