Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bünövrəsi Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa 2020-ci il noyabrın 8-də erməni işğalından azad edildi. Beləliklə, Şuşa sanki ikinci dəfə dünyaya göz açdı. Təbii ki, Qarabağın incisi hesab olunan Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyində həlledici rol oynadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və müdrik sərkərdəliyi, xalqımızın sarsılmaz birliyi, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı və hərbçilərimizin qəhrəmanlığı nəticəsində əldə edilən bu Qələbə Ermənistanın hərbi məğlubiyyətini labüd etdi.
Şuşa uğrunda aparılan hərbi əməliyyat isə Azərbaycan Ordusunun peşəkarlığını, mürəkkəb coğrafi şəraitdə döyüş tapşırıqlarını uğurla yerinə yetirmək bacarığını bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri bu tarixi Qələbənin əhəmiyyətini və qarşıda duran vəzifələri aydın ifadə edirdi. Dövlətimizin başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 8 noyabrın Şuşa Şəhəri Günü kimi təsis olunması da şəhərin Azərbaycan xalqının tarixində və milli-mənəvi həyatında tutduğu xüsusi yerin göstəricisidir.
Əsrlər boyu Azərbaycanın mədəniyyətinin, ədəbiyyatının və musiqisinin əsas mərkəzlərindən biri olan Şuşanın azad edilməsi xalqımız üçün böyük mənəvi məna daşıyırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsinin gedişində “Şuşasız bizim işimiz yarımçıq qalar” deməsi şəhərin həm hərbi-strateji baxımdan, həm də xalqımızın tarixi yaddaşında və milli-mənəvi həyatında tutduğu müstəsna yeri aydın şəkildə ifadə edirdi.
Bu gün Şuşada genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin birbaşa diqqət və nəzarəti ilə şəhərin tarixi siması qorunur, müasir yaşayış kompleksləri, yollar, sosial və kommunal infrastruktur yaradılır.
Təbii ki, Şuşanın inkişafından bəhs edərkən hələ 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə şəhərin tərəqqisi istiqamətində görülən işləri qeyd etmək lazımdır. Həmin illərdə Ulu Öndərin tapşırıq və göstərişlərinə uyğun olaraq şəhərdə quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi sahəsində mühüm addımlar atılıb.
Bu gün isə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı kimi inkişafına xüsusi diqqət ayrılıb. Prezident İlham Əliyevin 2021-ci ildə şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi, 2022-ci ilin “Şuşa İli” kimi qeyd olunması bu istiqamətdə atılan mühüm addımlardır. İşğal dövründə dağıdılmış və zədələnmiş tarixi-mədəni abidələr, o cümlədən Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Bülbülün və Üzeyir Hacıbəylinin ev-muzeyləri, tarixi məscidlər bərpa edilib. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi Şuşanın ölkəmizin mədəni həyatındakı ənənəvi rolunu bərpa edib.
Şuşada aparılan quruculuq işləri nəticəsində şəhərdə 450 mənzildən ibarət 23 yaşayış binası istifadəyə verilib, yeni yaşayış komplekslərinin və sosial obyektlərin tikintisi davam etdirilir. 2026-cı il oktyabrın 23-nə olan məlumata əsasən, Şuşa şəhərində, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərində ümumilikdə 420 ailə – 1579 nəfər məskunlaşıb. Əlbəttə ki, insanların doğma yurdlarına qayıtması, şəhərdə təhsil, səhiyyə, turizm və xidmət sahələrinin inkişafı Şuşanın sosial-iqtisadi həyatının bərpasına və gələcək inkişafına geniş zəmin yaradır.
Beləliklə, altı il əvvəl dünyaya ikinci dəfə göz açan Şuşada bu gün böyük işlər görülür, şəhərin tarixi-mədəni irsi bərpa olunur, sakinlər doğma yurdlarına qayıdır. Bütün bu işlər isə Azərbaycanın iqtisadi qüdrətini, siyasi iradəsini və qarşıya qoyduğu məqsədlərə nail olmaq əzmini bir daha nümayiş etdirir.
Şahin İsmayılov
Milli Məclisin Gənclər və idman komitəsi