Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın informasiya diplomatiyası, beynəlxalq imic siyasəti və qlobal təşəbbüsləri son illərdə inkişafa doğru vüsət alıb.
Bu baxımdan, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə təşkil edilən və artıq ənənə halını almış Şuşa Qlobal Media Forumu təkcə regional deyil, həm də beynəlxalq əhəmiyyətli tədbirlər sırasına daxil olub.
Dövlət başçısının forumda çıxışı isə ölkənin strateji vizionunu, regional sülh quruculuğu səylərini və qlobal çağırışlara cavab potensialını bir daha ortaya qoydu.
Prezident İlham Əliyevin sözləri ilə desək, Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb.
Bu, Azərbaycanın informasiya siyasətinin qlobal müstəviyə çıxarıldığının sübutudur.
Xüsusilə, forumun bu il yeni tikilmiş və böyük rəmzi mənası olan Xankəndi Konqres Mərkəzində keçirilməsi dövlətin suverenliyinin və ərazi bütövlüyünün qəti şəkildə bərqərar olduğunu göstərdi.
Buranın – keçmiş separatizmin mərkəzi olan ərazinin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Ermənistanın 30 illik işğal siyasətinə verilən ən tutarlı cavabdır.