Şuşaya bayraq sancan qəhrəman institutun qonağı olub

06.11.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 6 noyabr, AZƏRTAC

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Elmi şurasının dəvəti ilə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov 8 Noyabr- Zəfər Günü münasibətilə keçirilən tədbirdə iştirak edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

İnstitutun baş direktoru akademik Vaqif Abbasov bildirib ki, Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu, Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Vaqif Abbasov Milli Qəhrəman Yaşar Əhəd oğlu Hüseynovun 7 noyabrda saat 13:45-də Şuşada indiki İcra Hakimiyyətinin binası üzərində Azərbaycanın üçrəngli bayrağını sancan əsgər olduğunu bildirib.

Tədbirdə çıxış edən Milli Qəhrəman Vətən torpağının azadlığı uğrunda aparılan müharibə barədə döyüş xatirələrini danışıb. Milli Qəhrəman öz cəsarəti, igidliyi ilə Vətən torpağını azad edən və qətiyyəti ilə düşməni diz çökdürən Azərbaycan Ordusunun əsgərlərinin göstərdikləri şücaətlərini, Ordumuzun fəaliyyətini bütün xalqımızın yüksək qiymətləndirdiyini xüsusi qeyd edib.

Sonda Milli Qəhrəman Yaşar Hüseynov dəvət üçün institut rəhbərliyinə öz təşəkkürünü bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью