Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Etnoqrafik Tədqiqatlara Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Şəkiyə etnoqrafik səfər təşkil olunub. Səfər çərçivəsində Şəkinin mədəniyyət və turizm qurumları, elm adamları ilə bir sıra görüşlər keçirilib və müzakirələr aparılıb. Görüşün əsas məqsədlərindən biri Şəkinin zəngin tarixi-mədəni irsi, memarlıq nümunələri və burada qorunub saxlanılan bədii ənənələrlə bağlı yeni müşahidə və fikirlərin müzakirə edilməsi olub. Ekspedisiyanın gəldiyi elmi-mədəni nəticələri hissə-hissə ictimaiyyətə təqdim etmək nəzərdə tutulub. İlk öncə Azərbaycan memarlıq irsinin bəzədilməsində təsviri sənət haqqında danışmaq istəyirik.
Azərbaycan tarixi-memarlığında SÜSƏN ÇİÇƏYİ motivi
Bəzən sadəcə gözəl bir dekorativ element kimi qəbul etdiyimiz çiçəklər əslində keçmişin dünyagörüşünü, estetik zövqünü, inanclarını və müxtəlif mənəvi dəyərlərini özündə əks etdirən mühüm mədəni simvollardır.
Bəs süsən nəyi ifadə edirdi?
Bu gün SÜSƏN bəzi mədəni kontekstlərdə nisgil və kədər simvolu kimi qəbul edilsə də, onun simvolik mənası tarixən daha geniş və nikbin olub. Bu çiçək Qərbdə İris, Şərq ənənəsində isə Süsən adlandırıldı. Zaman keçdikcə süsən sağlamlıq, dinclik, firavanlıq, rifah və uzunömürlülük kimi anlayışlarla əlaqələndirildi. Ondan amuletlərin hazırlanmasında və tibbi məqsədlərlə də istifadə olunurdu. Süsənin köklərinin torpağı möhkəmləndirərək eroziyadan qoruması isə bu bitkinin dözümlülük, güc və davamlılıq anlayışları ilə əlaqələndirilməsinə səbəb olmuşdur.
Təsadüfi deyil ki, bu çiçəyin təsvirlərinə Azərbaycanın tarixi saray və malikanələrinin interyerlərində, eləcə də rəssamlıq nümunələrində rast gəlmək mümkündür. Şəki Xan Sarayının divar və tavan rəsmlərində süsən həm təbii görünüşə yaxın, həm də stilizə edilmiş formada təqdim olunub. Azərbaycan rəssamlıq ənənəsinin görkəmli nümayəndələri Mirzə Qədim İrəvani, Usta Qənbər Qarabaği, Kərbəlayi Səfixan Qarabaği və Mir Möhsün Nəvvabın yaradıcılığında da çiçək və digər bitki motivləri mühüm yer tutur.
Bu mövzu ətrafında aparılan müzakirəyə Şəki Xan Sarayının elmi işçisi Zəminə Rəsulova da qoşularaq öz fikirlərini bölüşdü. Onun diqqət çəkdiyi məqamlar SÜSƏN çiçəyinin qədim yunan mifologiyasında yeri ilə bağlı oldu. Belə ki, qədim yunan mifologiyasında İrida tanrıların elçisi və xoş xəbər müjdəçisi hesab olunurdu. İrida göy qurşağı ilə əlaqələndirilirdi. İnanclara görə, göy qurşağının yerə toxunduğu yerlərdə bu gözəl çiçəklər bitirdi.
Süsən çiçəyi motivi Şuşada
Bu motivə Şuşada Mehmandarovların malikanəsində, Səfibəyovların mülkündə, digər Qarabağ malikanələrinin dekorativ tərtibatında da rast gəlinir. XVIII-XIX əsrlər Azərbaycan rəssamlarının yaradıcılığının və onların müəllifi olduğu divar rəsmlərinin tədqiqatçısı, sənətşünaslıq doktoru Natalya Mixaylovna Miklaşevskayanın (24.12.1909-07.05.1981) bu haqda tədqiqatları çox qiymətlidir. Şuşada uzun müddət ezamiyyətdə olmuş və şəhərdə varlı şəxslərə məxsus bir çox tarixi binaları, o cümlədən Mehmandarovların yaşayış kompleksində Usta Qəmbərin müəllifi olduğu divar rəsmlərini ətraflı tədqiq etmişdir. Onun elmi-tədqiqat əsərində deyilir: “Şuşa şəhərinin abidələrinin təsvirinə keçərkən onun Əbdülkərim bəy Mehmandarovun keçmiş evindən başlamağı vacib hesab edirik, çünki bu evin çoxsaylı divar rəsmləri qorunub saxlanılır və bina Usta Qəmbərin bizə gəlib çatan bütün işlərinin ilkidir. Divar rəsmləri, kiçik otaqda əgər cuzi zədələri hesaba almasaq, tamamilə qorunub-saxlanılmışdır, böyük salonda isə yalnız tavanda və buxarıda qalmışdır. Salonun divarlarında gül-çiçək motivləri üstünlük təşkil edir. İyirmi kvadrat sahəsi olan kiçik otağın divar rəsmləri isə Xan sarayının divar naxışları növünə məxsusdur. Burada divar rəsmləri və plafonu sanki bütöv xalça ilə örtür. Mehmandarovların evindəki divar rəsmlərinin fərqləndirici xüsusiyyəti onlarda tam insan təsvirlərinin olmamasıdır. Divar rəsmlərinin kompozisiya sujetləri müxtəlifdir. Ən sadə naturmontla yanaşı, rəssam quşlara və heyvanlara xas olan xarakterik hərəkətləri təsvir edir. Dolabın üstündə böyük taxçada verilmiş “Marallar və nar ağacı” pannosunun kompozisiyası medalyonun bütün sahəsini tutur. Mərkəzdə - iki gövdənin bir-birilə bitişdiyi yerdə nar ağacı verilmişdir. Onun yarpaqlarını qopardan marallar dəqiq simmetriyada təsvir olunmuşdur. Digər divar rəsmlərində “güldanlarda gül dəstələri” də verilmişdir. Gül dəstəsi içərisində itburnu və qızılgül çiçəklərinin qönçələri üstünlük təşkil edir. Rəsmlərə və naxışlara görə güllərin traktovkası, bir qayda olaraq Usta Qəmbər üslubuna xasdır.” Beləliklə, Mehmandarovların evinin interyerini qısaca da olsa təsvir etdik. Bundan başqa malikanənin divarlarında Süsən çiçəyi də çox incəliklə təsvir edilmişdir.
Qeyd edək ki, bu tarixi-memarlıq abidələrimiz dövlətin xüsusi diqqəti altında qorunmaqdadırlar. 2023-cü ildə Şuşada Mehmandarovların malikanəsi Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuşdur.
Xurşidbanu Natəvanın yaradıcılığında SÜSƏN ÇİÇƏYİ
Azərbaycanın görkəmli şairəsi Xan qızı Xurşidbanu Natəvanın yaradıcılığında da SÜSƏN təsvirləri xüsusi yer tutur. Onun məşhur “Gül dəftəri” albomu Azərbaycan qadın rəssamlıq ənənəsinin və XIX əsr estetik dünyagörüşünün öyrənilməsi baxımından qiymətli nümunələrdəndir. Natəvanın hazırda AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan 1886-cı ildə hazırladığı 227 səhifəlik albomda onun bənzərsiz gözəllik duyumu ilə tanış olmaq mümkündür. Bu albomda şairə-rəssamın yazdığı on üç qəzəllə yanaşı onun sulu boya və karandaşla çəkdiyi müxtəlif güllər - qızılgül, bənövşə, qərənfil, eləcə də yasəmən, lalə və süsən əks olunmuş rəsmlər toplanıb.
Qürurlu haldır ki, şairənin bu albomu 2023-cü ilin mayın 19-da UNESCO İcraiyyə Şurasının 216-cı sessiyasında “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” (“Flower Book” of Khurshidbanu Natavan – album of illustrated verses) adlı nominasiya İcraiyyə Şurası tərəfindən qəbul olunub və Azərbaycanın Dünya Yaddaşının Beynəlxalq Reyestrinə (Memory of the World International Register) salınıb.
Hacı Zeynalabdin Tağıyevin malikanəsində SÜSƏN ÇİÇƏYİ
Süsən çiçəyi motivinə Bakı şəhərinin mərkəzində yerləşən xeyriyyəçi-milyonçu Hacı Zeynalabdin Tağıyevin şəhər sarayının (hazırkı Milli Azərbaycan Tarixi Muzeyi) daxili interyerində də rast gəlirik. Avropa və Şərq memarlıq üslublarının möhtəşəm sintezi üzərində qurulmuş binanın memarı İosif Qoslavski hər otağı tamamilə fərqli bir dizaynda işləmiş, bəzək işlərində isə ustalar tərəfindən külli miqdarda qızıl suyu və güzgülərdən istifadə olunmuşdur. Milli Azərbaycan Tarixi Muzeyinin nəşrində qeyd olunur ki, Tağıyevin həyat yoldaşına məxsus olmuş yataq otağı zərif yapma elementlərlə bəzədilmiş paduqa, divarboyu ipək parça üzərində bərkidilmiş ağacdan olan incə detallar otağın zahiri görünüşünü zənginləşdirir. Intarsiya üslubunda naxışlanmış, iki metr hündürlüyündə olan taxta üzlüklərin, paduqaların və qapıların üzərindəki oyma süsən çiçəkləri otağın kompozisiya həllində harmoniya yaradır. Divar boyu ipək üzərindəki ağac panellər, fiqurlu arakəsmə, pərdə karnizləri, qapı və pəncərələrdə olan ağac işləmələrdəki eyni motivlər bir birini tamamlayaraq, bədii-estetik forma yaradır.
Bütün bunlar Azərbaycan mədəniyyətinin, etnoqrafiyasının və memarlığının ortaq tərəflərini və zəngin estetik gözəlliklərinin göstəricisidir.
“Etnoqrafik Tədqiqatlara Dəstək” İctimai Birliyinin İdarə Heyətinin üzvləri Zümrüd Nuriyeva və Mahiyyə Kərimova
XQ