Susqun “İmişli” və digərləri

18.06.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Misli Premyer Liqası klubları yeni mövsümün çalışmalarına başlayıb. Liqada iştirak edəcək 12 klubdan 11-də artıq gedənlər, gələnlər var. Təkcə “İmişli” susqundur.

Çempionatı 9-cu sırada bitirən komandada qeyri-müəyyənlik var. Baş məşqçi Jorj Kaşkilya son oyundan sonra kluba və Azərbaycana vida edib. Lakin gedişi rəsmən təsdiqlənməyib. Mütəxəssisin adı vaxtaşırı “Sumqayıt” və “Kəpəz”lə hallanıb.

“İmişli” yeni mövsümlə bağlı planlarını da açıqlamayıb. Heyətlə bağlı qeyri-müəyyənlik hökm sürür, nə gələn var, nə gedən. Qarşıda bir aydan çox vaxt olmasına baxmayaraq, toplanışa tez zamanda başlamaq klub üçün daha faydalıdır.

Transferlərdə aktiv isə “Şəfa”dır. Misli Premyer Liqasının debütantı baş məşqçi postuna Zaur Həşimovu gətirib. Bəzi futbolçularla müqavilə uzadılır, azad agent statusu daşıyan yerli oyunçular heyətə cəlb edilir. Ötən mövsümün komandasında yer alan bəzi futbolçular isə yola salınıb.

Çempionlar Liqasında iştirak edəcək “Sabah” və Avropa Liqasında mübarizə aparacaq “Qarabağ” artıq çalışmalara başlayıb. Konfrans Liqasının iştirakçıları “Zirə” və “Neftçi” də yaxın zamanda toplanışa start verəcək. Adıçəkilən klublar arasında yalnız “Neftçi”dən hələlik transfer yoxdur. Əvəzində Murad Məmmədov, Vensan Abubakar, Kristian Kostinlə vidalaşan “ağ-qaralar” əvvəlki mövsümlərdə transferlərdə buraxılan səhvləri təkrarlamamaq istəmir və oyunçu keçidlərində ehtiyatlı davranır.

Avrokuboklardan kənarlaşdırılan “Turan Tovuz”da isə planlar dəyişib. Bir neçə gün əvvəl Türkiyədə toplanışa başlayan klub CAS qərarından sonra burdakı hazırlığı ləğv edib. Tovuz təmsilçisi Bakıya qayıdıb və toplanışa burda davam edəcək.

Mövsümün bitməsiylə Saşa İliçlə vidalaşan “Sumqayıt” da hələ baş məşqçi axtarışındadır. “Kimyaçılar”ın yeni çalışdırıcısı böyük ehtimalla əcnəbi olacaq və məsələnin yaxın zamanda həllini tapması gözlənilir.

Hazırda liqada iştirak edəcək “İmişli” və “Sumqayıt”da baş məşqçi postu boşdur. “Araz-Naxçıvan” “sükanı” Cavid Hüseynova tapşırdı və ötən mövsümün komandasında əsas heyətin demək olar, bütün üzvləri yola salındı. Görünür, naxçıvanlılar yeni mövsümdə ortasıralar uğrunda mübarizə aparacaq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью