Suverenlik, təhlükəsizlik və inkişaf

23.01.2026

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

2026-cı ilin yanvarında Davosda keçirilən növbəti Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” telekanalına verdiyi müsahibə dəyişən dünya nizamı, beynəlxalq hüququn rolu və Azərbaycanın regional liderlik ambisiyaları baxımından bir sıra mühüm tezisləri ehtiva etdi. Bu müsahibə həm Azərbaycanın keçdiyi zəfər yolunun hüquqi bazasını, həm də gələcək qlobal çağırışlara hazırlığını əks etdirir.

Ölkə başçısının səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlər sisteminin ən ağrılı və reallığı əks etdirən nöqtələrindən biridir. Müsahibədə dövlət başçısının ən diqqətçəkən tezislərindən biri beynəlxalq hüququn müasir vəziyyəti ilə bağlı idi. Prezident vurğuladı ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Bu, klassik beynəlxalq hüquq mexanizmlərinin mütləq dominantlıq təşkil etdiyi mərhələnin arxada qaldığının etirafıdır. Səsləndirilən mövqelər göstərdi ki, dünya artıq daha mürəkkəb siyasi reallıqların formalaşdığı bir dövrə qədəm qoyub. Bu reallıqda “güc faktoru” və “maraqlar balansı” hüququn icrasında həlledici rol oynamağa başlayıb. Həqiqətən də bu gün müasir dünya nizamında hüququn gücü deyil, gücün hüququ ön plana keçib. Azərbaycanın 30 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını gözləməsi, lakin bu qərarların yalnız hərbi güc yolu ilə icra edilməsi buna ən bariz nümunədir. Dövlət başçısının qeyd etdiyi “düzgün hesab edilən qərarların beynəlxalq normalarla uzlaşdırılması” prinsipi Azərbaycanı beynəlxalq aləmdə məsuliyyətli tərəfdaş kimi saxladı. Biz ərazi bütövlüyümüzü bərpa edərkən heç bir beynəlxalq normanı pozmadıq, əksinə, illərdir pozulan beynəlxalq ədaləti bərpa etdik. Bu, həm də dövlətin suveren addımlarının dünya birliyi tərəfindən qəbul edilməsini təmin etdi. Azərbaycanın qələbəsi təkcə hərbi qələbə deyil, həm də diplomatik-hüquqi zəfərdir. Əgər addımlarımız beynəlxalq hüquqla uzlaşmasaydı, Ermənistan və onun havadarları Azərbaycana qarşı sanksiyalar və ya digər təzyiq mexanizmlərini işə sala bilərdilər. Lakin Prezidentin uzaqgörən siyasəti sayəsində hər bir addım hüquqi addımla qorundu.
Müsahibədə həmçinin Azərbaycanın enerji təhlükəsizliyindəki rolu və humanitar sahədəki uğurları da yer alıb. Prezidentin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, Azərbaycanın sülh və multikulturalizm siyasətinin beynəlxalq səviyyədəki legitimliyinin daha bir təsdiqi kimi vurğulandı. Bu mükafat, Azərbaycanın hərbi və siyasi gücünün eyni zamanda bəşəri dəyərlərə xidmət etdiyinin rəmzidir.
Diqqət çəkən məqamlardan biri də Azərbaycan–Ermənistan münasibətlərində baş verən keyfiyyət dəyişikliyi olub. Dövlətimizin başçısı uzun illər qarşıdurma və etimadsızlıq üzərində qurulan münasibətlərin tədricən əməkdaşlıq müstəvisinə keçdiyini bildirib. Ermənistan istiqamətində yüklərin daşınmasına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması, eləcə də bu ölkənin ciddi şəkildə asılı olduğu əsas malların, xüsusilə neft məhsullarının təchizatına başlanması regional iqtisadi inteqrasiyanın real nümunəsi kimi təqdim edilib. Bu prosesdən bütün tərəflər faydalanır və məqsəd Qafqazda müvəqqəti deyil, əbədi sülhə nail olmaqdır. Prezident İlham Əliyev daxili təhlükəsizlik məsələlərinə toxunarkən bildirilib ki, ölkə daxilində potensial risklər mövcud deyil. Mövcud risklər əsasən xarici faktorlarla bağlıdır. Bu səbəbdən qonşuluqda sabitliyin qorunması strateji prioritet olaraq qalır. Çünki regionda sabitlik, proqnozlaşdırıla bilən mühit və sülh istənilən dövlət üçün ən böyük sərvətdir. İşğal və müharibə təcrübəsi yaşamış bir cəmiyyət üçün sülhün dəyəri xüsusi vurğulanır.
Beləliklə, Prezident İlham Əliyevin 20 yanvar 2026-cı il tarixli Davos müsahibəsi Azərbaycanın yalnız regional güc deyil, həm də qlobal proseslərdə söz sahibi olan müstəqil bir dövlət kimi mövqeyini möhkəmləndirdiyini nümayiş etdirdi. Dövlət başçısının verdiyi mesajlar göstərir ki, Azərbaycan dəyişən dünya nizamında öz milli maraqlarını qoruyaraq tərəqqi və sabitlik yolunda inamla irəliləməyə davam edəcək.

Anar Məmmədov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью