Suverenliyin zəfər salnaməsi: Qürur dolu 3 il…

19.09.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb.

Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib.

Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. 2023-cü il sentyabrın 20-də Azərbaycannın bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. 

“Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, 20 sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan dövlətçiliyi və xalqımızın tarixində xüsusi əhəmiyyət daşıyır:

“Üç il əvvəl Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Bu hadisə uzun illər davam edən işğal və separatizmə son qoymaqla yanaşı, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək əzmində olduğunu bir daha nümayiş etdirdi”.

Millət vəkili qeyd edib ki, Dövlət Suverenliyi Gününün təsis edilməsi bu tarixi hadisənin mahiyyətinin gələcək nəsillərə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır: 

"Suverenlik yalnız dövlət sərhədlərinin qorunması deyil, xalqın öz taleyini sərbəst müəyyən etməsi, dövlətin bütün ərazisində Konstitusiyanın və qanunların aliliyinin təmin olunması deməkdir. Azərbaycan bu gün öz suverenliyini bütün ərazisində tam şəkildə təmin edən və gələcəyini müstəqil şəkildə müəyyən edən dövlətdir.

Bu əlamətdar tarix həm şəhidlərimizin və qazilərimizin fədakarlığının ehtiramla yad edilməsi, həm də Azərbaycanın qarşıdakı inkişaf hədəflərinin müəyyənləşdirilməsi baxımından önəmlidir.

Dövlət suverenliyinin bərpası ölkəmizin qarşısında yeni imkanlar açıb. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, insanların öz doğma yurdlarına qayıdışı və regionda davamlı sülhün təmin olunması Azərbaycanın suverenliyinin praktiki nəticələrini göstərən mühüm amillərdir".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: suverenlik Arzuxan Əlizadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью