Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Hacıqabulda bu həqiqət bolluğun açarı sayılır
Su həyatdır. Torpağın bərəkəti, məhsulun bolluğu, kəndlinin ruzisi də məhz sudan başlayır. Hacıqabul rayonunda meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər bu həqiqətin ən bariz nümunəsidir. Əkin sahələrinin fasiləsiz su ilə təmin olunması, suvarma infrastrukturunun yenilənməsi və mövcud sistemlərin etibarlı istismarı rayonun aqrar inkişafında mühüm rol oynayır.
Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında ümumi uzunluğu 578,78 kilometr olan açıq suvarma şəbəkəsi mövcuddur. Bu geniş şəbəkə vasitəsilə rayonun 22 min 789 hektar əkinəyararlı torpaq sahəsi su ilə təmin edilir. Onun 13 min 466 hektarı təbii özaxımlı mənbələr hesabına, 9 min 323 hektarı isə nasos stansiyalarının köməyi ilə suvarılır. Açıq suvarma şəbəkəsinin 413,3 kilometri torpaq məcralı, 140,5 kilometri beton üzlüklü, 24,9 kilometri isə nov tipli kanallardan ibarətdir. Bundan əlavə, 77,1 kilometrlik qapalı suvarma şəbəkəsi də kənd təsərrüfatının xidmətindədir.
İdarənin rəisi Səyavuş Məmmədov bildirdi ki, suvarma sistemlərinin saz vəziyyətdə saxlanılması daim diqqət mərkəzindədir. 2026-cı ilin ilk yarısında 163 kilometr kanal lildən təmizlənib, tənzimləmə işləri aparılıb və bu istiqamətdə tədbirlər hazırda da davam etdirilir. Kanalların üzərində yerləşən 775 hidrotexniki qurğu, 186 körpü və keçid, eləcə də 19 hidropost suvarma prosesinin fasiləsiz və təhlükəsiz həyata keçirilməsini təmin edir.
Rayonun strateji su ehtiyatlarından olan Pirsaat anbarı layihə üzrə 16,9 milyon kubmetr sututumuna malikdir. Lakin uzun illər ərzində baş vermiş lillənmə nəticəsində anbarın faydalı həcmi minimum səviyyəyə enib. Bununla belə, mövcud su ehtiyatlarından maksimum səmərə ilə istifadə olunması istiqamətində işlər davam etdirilir.
İdarənin balansında fəaliyyət göstərən 18 nasos stansiyasından 17-si elektrik enerjisi, biri isə dizel mühərriki ilə işləyir. Bu stansiyalar vasitəsilə rayonun 16 kəndinin su təchizatı həyata keçirilir. Hazırda meliorasiya sistemi üzrə 4 min 520 abonentə xidmət göstərilir.
İçməli su təsərrüfatında da mühüm işlər görülür. Rayon üzrə 34 kilometr magistral, 205 kilometr daxili içməli su şəbəkəsi, ümumi tutumu 3 min 500 kubmetr olan 5 su anbarı mövcuddur. Hazırda bu anbarların 3-ü istismar olunur. İçməli su xidməti 12 min 118 abonenti əhatə edir ki, bunların 11 min 783-ü əhali, 335-i isə qeyri-əhali abonentləridir.
Bu ilin suvarma mövsümündə əkin sahələrinin su təminatı da uğurla həyata keçirilib. Yanvar-iyun ayları ərzində 3 min 710 hektar buğda və 5 min 471 hektar arpa sahələri üç dəfə tam suvarıldıqdan sonra biçin başa çatdırılıb. 890 hektar dənlik qarğıdalı, 280 hektar paxlalı bitkilər, 820 hektar şəkər çuğunduru, 90 hektar pambıq, 2 min 255 hektar yonca, 888 hektar silosluq qarğıdalı, 440 hektar bostan-tərəvəz, 1183 hektar meşə zolaqları və 2 min 325 hektar həyətyanı təsərrüfat sahələri suvarma qrafikinə uyğun olaraq mütəmadi su ilə təmin edilir. Xüsusilə həyətyanı sahələr ilboyu fasiləsiz su ilə təmin olunmaqla kənd sakinlərinin ərzaq təminatına mühüm dəstək verir.
Təmizlənən hər bir kanal, hər bir işlək nasos stansiyası, vaxtında verilən hər damla su gələcək bol məhsulun təməlini qoyur. Məhz buna görə də Hacıqabul rayonunda meliorasiya sahəsində görülən işlər təkcə texniki xidmət deyil, həm də torpağa, zəhmət adamına və ölkənin ərzaq təhlükəsizliyinə verilən mühüm töhfədir. Bu gün Hacıqabulun su təsərrüfatında aparılan ardıcıl işlər rayonun aqrar potensialını daha da gücləndirir. Torpağın nəfəsi olan suyun hər damlası kəndlinin zəhmətini bərəkətə, rayonun inkişafını isə yeni uğurlara daşıyır.
Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri
Hacıqabul