Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication) banklar arasında beynəlxalq maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün istifadə olunan təhlükəsiz mesajlaşma sistemidir. Bu şəbəkə vasitəsilə banklar bir-biri ilə məlumat mübadiləsi aparır, beynəlxalq pul köçürmələrini və digər maliyyə əməliyyatlarını koordinasiya edirlər.
Banco.az xəbər verir ki, hər bankın özünəməxsus SWIFT kodu olur. Adətən 8 və ya 11 simvoldan ibarət olan bu kod beynəlxalq köçürmələr zamanı göndərən və qəbul edən bankın düzgün müəyyən edilməsinə xidmət edir. Kodun səhv daxil edilməsi köçürmənin gecikməsinə və ya yanlış banka yönləndirilməsinə səbəb ola bilər.
SWIFT köçürməsi necə həyata keçirilir?
Beynəlxalq SWIFT köçürməsi bir neçə mərhələdən ibarətdir:
Göndərən və alıcının bank məlumatları, hesab nömrəsi və alıcı bankın SWIFT kodu dəqiq şəkildə toplanır.
Göndərən şəxs öz bankına müraciət edərək beynəlxalq köçürmə üçün müraciət edir.
Bank SWIFT şəbəkəsi vasitəsilə alıcı banka köçürmə barədə elektron mesaj göndərir.
Mesajda köçürmənin məbləği, alıcının hesab məlumatları və digər zəruri detallar yer alır.
Alıcı bank məlumatları yoxladıqdan sonra vəsaiti müvafiq hesaba köçürür.
SWIFT sisteminin üstünlükləri
SWIFT sistemi beynəlxalq maliyyə əməliyyatlarını:
təhlükəsiz və etibarlı şəkildə həyata keçirməyə;
banklar arasında standart məlumat mübadiləsini təmin etməyə;
vəsaitin düzgün ünvana çatdırılmasına;
iri məbləğli əməliyyatların izlənilməsinə və nəzarətinə imkan verir.
Bəzi iri məbləğli köçürmələr zamanı beynəlxalq tələblərə uyğun olaraq əlavə təhlükəsizlik yoxlamaları aparıla bilər. Təcili köçürmələrdə isə əməliyyat müddəti barədə əvvəlcədən bankdan məlumat almaq tövsiyə olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!