Tacikistan Rusiyadan üz çevirdi ÇOX NARAZIYIQ KONKRET

02.02.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Tacikistan Rusiyadan geri qaytarılan miqrant uşaqları ilə bağlı narazılıq edib.

KONKRET.az xəbər verir ki, Tacikistanın təhsil və elm naziri Rahim Saidov bildirib ki, təxminən 10 min tacikistanlı uşaq Rusiyada ümumi təhsil almağa qəbul edilmədikdən sonra ölkələrinə qayıtmağa məcbur olub. Tacikistan hakimiyyətinin narazılığı Rusiyada tətbiq olunan yeni qaydalar və məhdudiyyətlərlə bağlıdır. Həmin qaydalara əsasən, xarici ölkə vətəndaşlarının, o cümlədən Tacikistandan olan əmək miqrantlarının uşaqları ümumtəhsil məktəblərinə qəbuldan əvvəl rus dili bilik səviyyəsindən yoxlamadan keçməlidirlər.

Saidov qeyd edib ki, Rusiya Tacikistan vətəndaşlarına təhsil almaqdan imtina etmək hüququna malik deyil. O, Rusiyada dörd il təhsildən kənarda qalmış bir oğlanın Tacikistana qayıtdıqdan sonra iki ölkənin təhsil proqramları arasındakı fərqlər səbəbindən məktəbdə təhsilini davam etdirə bilməməsini nümunə kimi göstərib.

Bununla belə, Tacikistanın təhsil naziri Rusiyada ümumilikdə nə qədər tacikistanlı uşağın təhsil sistemindən kənarda qaldığı barədə dəqiq məlumat təqdim edə bilməyib. O bildirib ki, bu məsələ onun rəhbərlik etdiyi qurumun səlahiyyətlərinə daxil deyil. Bu isə Tacikistan hakimiyyətinin xaricdə yaşayan öz vətəndaşlarının taleyinə nə dərəcədə nəzarət etdiyi və məsuliyyət daşıdığı ilə bağlı suallar doğurur, xüsusilə də onların sayının belə qeydiyyatı aparılmırsa.

Yetkinlik yaşına çatmayan Tacikistan vətəndaşlarının kütləvi şəkildə vətənə qayıtması Rusiyada miqrasiya və təhsil qanunvericiliyinin sərtləşdirilməsi ilə eyni vaxta təsadüf edib. Bu dəyişikliklər xarici işçi qüvvəsinin axınının tənzimlənməsi və gələnlərin inteqrasiyasına yönəlib. Əmək miqrantlarının uşaqlarının Rusiya məktəblərinə qəbulu ilə bağlı yeni qaydalar 2025-ci ilin ortalarında qüvvəyə minib.

Yeni prosedura əsasən, Mərkəzi Asiya ölkələrindən olan azyaşlı xarici vətəndaşların Rusiyanın ümumtəhsil müəssisələrinə qəbul edilməsi üçün rus dilini təhsil proqramını mənimsəmək üçün kifayət edəcək səviyyədə bildiklərini təsdiqləmələri tələb olunur. Test imtahanı dərs ilinin başlanmasına qədər keçirilir və qeyri-qənaətbəxş nəticə olduğu halda uşağa əlavə dil kurslarından keçmək tövsiyə oluna bilər.

Bu tədbir rus dilini anlamadan Rusiyada rus dilində tədris aparılan məktəblərə düşən uşaqlarla bağlı problemlərin qarşısını almağa yönəlib. Belə hallar həm onların akademik göstəricilərinə, həm də ümumi tədris prosesinə mənfi təsir göstərir.

Rosobrnadzorun məlumatına görə, 2025-ci ilin sentyabrında rus dili üzrə testdən təxminən 3 min xarici vətəndaş uşağı uğurla keçib. Bu göstərici testdə iştirak edənlərin 50 faizindən azını təşkil edir ki, bu da Rusiyaya gəlməzdən əvvəl uşaqların böyük bir hissəsinin dil hazırlığının zəif olduğunu göstərir.

Bununla yanaşı, Rusiya Tacikistanın özündə rus dilinin və təhsilin dəstəklənməsinə ardıcıl və genişmiqyaslı investisiyalar yatırır. Bu, əmək miqrantlarının uşaqlarının Rusiyaya gəlməzdən əvvəl uyğunlaşmasını asanlaşdırmaq məqsədi daşıyır. Xüsusilə 2025-ci ildə Rusiya Maarifləndirmə Nazirliyi Tacikistan məktəblərinə rus dilinin öyrənilməsi üçün 800 min dərs vəsaiti göndərib. Bu rəqəm əvvəl göndərilmiş 400 min nüsxəyə əlavə olunub.

Bundan əlavə, 2019-cu il tarixli hökumətlərarası sazişə əsasən, 2022-ci ildə Rusiyanın maliyyəsi hesabına Tacikistanın beş şəhərində – Düşənbə, Boxtar, Xucənd, Tursunzadə və Kulobda müasir məktəblər açılıb. Bu məktəblərdə hazırda təxminən 6 min şagird təhsil alır. Tacikistan ərazisində bu tip ümumtəhsil müəssisələrinin tikintisinə qoyulan Rusiya investisiyalarının həcmi on milyonlarla dollarla qiymətləndirilir.

Ağagül Mürsəlov,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью