Tağı İbrahimovdan xəbər var

26.01.2026

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Bakıda 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayev barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

Globalinfo.az Teleqraf-a istinadən bildirir ki, onlar barələrində olan cəzanın dəyişdirilməsini istəyiblər.

Həmçinin dövlət ittihamçısı tərəfindən də apellyasiya protesti verilib.

Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılır. Hakim Murad Məmmədovun sədrliyi ilə ilkin baxış iclası keçirilib.

Məhkəmə baxışı fevralın 5-nə təyin olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, ötən ilin yanvarın 15-də paytaxtın Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verməsi faktı əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib.

Qeyd edək ki, Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью