“Tağıyev: Məktəb” “Oscar”a namizəddir!

28.10.2026

Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Tağıyev: Məktəb” filmi 99-cu Kino Sənəti və Elmləri Akademiyasının (“Oscar”) mükafatlarına “Ən Yaxşı Beynəlxalq Bədii Film” kateqoriyasında ölkəmizdən rəsmi namizəd seçilib.

OLAY yazır ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Film Seçim Komitəsinin qərarı ilə təqdim edilən ekran əsəri xalqımızın yaddaşında dərin iz buraxmış sənayeçi, neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ömür yolunu və Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafına verdiyi misilsiz töhfələri tamaşaçılara çatdırmaq məqsədi daşıyır.

“Tağıyev: Məktəb” 100-dən çox ölkədən təqdim olunan ekran əsərləri ilə birlikdə “Oskar” mükafatı uğrunda yarışacaq.

Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.

“Tağıyev: Məktəb” “Tağıyev” bədii filminin 4-cü bölümü olmaqla güclü yaradıcı komandanın birgə əməyinin nəticəsidir. Baş prodüser Arzu Əliyeva, prodüser Orman Əliyev, rejissor Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operator Vladimir Artemyev, rəssam Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkar Etibar Əsədli filmin uğurunda mühüm rol oynayıblar.

Filmdəki tarixi obrazları Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla, peşəkar aktyor heyəti canlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью