Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də reytinqin ilk 15 pilləsində qərarlaşan idmançılarla qarşılaşmaq istəyir.
Apasport.az xəbər verir ki, 29 yaşlı döyüşçü onlayn mətbuat konfransında gələcək planlarından, Dohada qazandığı qələbədən və qarşılaşma öncəsi yaşadığı çətinliklərdən danışıb.
Abdullayev mart ayına qədər yenidən oktaqona çıxmaq niyyətində olduğunu bildirib:
“Növbəti rəqibimizi özümüz seçmirik. Yalnız döyüşün vaxtı ilə bağlı istəyimizi bildirə bilərik. Adətən qarşılaşmaya bir ay qalmış rəqibimiz haqqında məlumat alırıq. Mart ayına qədər daha bir döyüş keçirmək istəyirəm. Hədəfim reytinqin ilk 15-liyində yer alan idmançılarla qarşılaşmaqdır”.
Azərbaycan təmsilçisi avstraliyalı Ceyk Metyuz üzərində qazandığı qələbəni də dəyərləndirib:
“Döyüş yaxşı keçdi. Hazırladığımız planı həyata keçirə bildik. Qarşılaşmanı ikinci raundda bitirmək istəyirdik, amma əsas məqsəd qalib gəlmək idi. Nəticədən və çıxışımdan razıyam. UFC-də döyüşmək uşaqlıqdan arzum olub”.
O, döyüşə hazırlıq zamanı çəki salmaqda çətinlik çəkdiyini də gizlətməyib:
“Əvvəllər bəzi təşkilatlardan təkliflər almışdım, lakin qəbul etməmişdim. Bu dəfə çəki salmaq prosesi düşündüyümüzdən çətin keçdi. Müəyyən səhvlərimiz oldu. Çox əziyyət çəkdim və enerjimin böyük hissəsini çəki salmağa sərf etdim”.
Abdullayev çəki limitinə düşə bilmədiyi üçün döyüş qonorarının 20 faizini itirdiyini də açıqlayıb.
Qeyd edək ki, Tahir Abdullayev Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində Ceyk Metyuzu hakimlərin yekdil qərarı ilə məğlub edib. Üç raund davam edən qarşılaşmadan qalib ayrılan idmançı UFC-də ikinci qələbəsini qazanıb.
O, dünyanın ən nüfuzlu MMA təşkilatında debütünü iyunda Bakıda keçirib. Həmin döyüşdə braziliyalı Cefferson Nasimentonu məğlub edib.
Azərbaycan idmançıları Boluda 15 medal qazanıblar Siril Qeyn Coş Hokiti məğlub edərək çempionluq titulunu qorudu Merabı arxadan vurdu – 1 ilədək həbs oluna bilər Keçmiş UFC çempionu hücuma məruz qalıb - NURMAQOMEDOV TƏRƏFİNDƏN UFC-də qalmaqal: Karlos Prates İslam Maxaçevi qorxaqlıqda ittiham etdi