Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Noyabrın 22-də Kamboca Xalq Partiyasının (KXP) ev sahibliyi ilə bu ölkənin Pnompen şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 12-ci Baş Assambleyasının açılış mərasimi olub.
“Sülh və barışıq axtarışı” mövzusunda keçirilən və 28 ölkədən 49 siyasi partiyanın qatıldığı 12-ci Baş Assambleyada Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da iştirak edib.
"Unikal" xəbər verir ki, əvvəlcə Kamboca Xalq Partiyasının Prezidenti, ICAPP-ın 12-ci Baş Assambleyasının fəxri prezidenti Hun Sen ilə nəzakət görüşü keçirilib.
ICAPP Daimi Komitəsi sədrinin müavini, KXP Xarici əlaqələr komissiyası sədrinin birinci müavini və Kamboca Krallığı Milli Assambleyasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və informasiya komitəsinin sədri Suos Yara, ICAPP Daimi Komitəsinin sədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri Çunq Eu-yonq, ICAPP-ın baş katibi Kvon He-seoq, ICAPP Daimi Komitəsinin həmsədri Müşahid Hüseyn Səid, Kamboca Krallığının baş naziri, Kamboca Xalq Partiyasının vitse-prezidenti və ICAPP-ın 12-ci Baş Assambleyasının prezidenti Hun Manet açılış nitqləri ilə çıxış ediblər.
Çıxışlarda dünyada artan münaqişələrə, iqlim dəyişikliklərinə, sosial-iqtisadi ədalətsizliklərə və geosiyasi təhdidlərə qarşı mübarizədə siyasi partiyaların rolu və əməkdaşlığının əhəmiyyətindən bəhs olunub.
Ev sahibinin xüsusi qonaqlarının təbrik çıxışlarından öncə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti oxuyub.
Bundan sonra xüsusi qonaqlar qismində Laos Xalq Demokratik Respublikasının vitse-prezidenti xanım Pani Yatotou, Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının Prezidenti cənab Tran Tan Man, Mərkəzçi Demokratlar İnternasionalı (CDI) Prezidenti, Kolumbiyanın sabiq prezidenti cənab Andres Pastrana Aranqo, Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyası Sədrinin müavini cənab Zəfər Sırakaya çıxış ediblər.