Tahir Əskərovu Qazaxıstanda tutub Azərbaycana gətirdilər

17.08.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu barədə Ölkə.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış materiallara əsasən, Əskərov Tahir Aydın oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitəni ölkəmizin gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında 25.02.2026-cı il tarixdə onun barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq, satış məqsədilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və daşınması) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunub. İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək Bakı şəhərində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış verilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Qazaxıstan Respublikası ərazisində müəyyən edilərək saxlanılıb.

Ekstradisiya prosedurları başa çatdırılaraq həmin şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən Azərbaycana gətirilib və istintaq orqanına təhvil verilib.

Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına ekstradisiya olunması istiqamətində xarici tərəfdaş qurumlar, o cümlədən İnterpol ilə sıx əməkdaşlığı bundan sonra da davam etdirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью