Icma.az bildirir, Baku.ws portalına istinadən.
"Region ölkələri ilə müqayisədə Azərbaycanda taksi xidmətlərinin qiymətləri orta səviyyədə hesab olunur".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc taksi bazarı üzrə apardığı müqayisəli təhlil zamanı bildirib.
AQC sədri əlavə edib ki, Qərb ölkələrində və ABŞ-də taksi qiymətləri Azərbaycandan təxminən 3–3,5 dəfə bahadır:
"Region ölkələri ilə müqayisədə isə Azərbaycanda mövcud qiymətlər nə ucuz, nə də bahalı kateqoriyaya daxildir. Hazırda regionda ən bahalı taksi xidmətləri Türkiyədədir. İkinci yerdə Gürcüstan, üçüncü yerdə Azərbaycan, dördüncü yerdə Rusiya qərarlaşıb. İran və Ermənistan isə ən ucuz taksi xidmətlərinin göstərildiyi ölkələr sırasındadır.
Taksi xidmətində ucuz qiymət hər zaman üstünlük demək deyil. Ən ucuz xidmətlər, adətən, ən aşağı keyfiyyəti özündə ehtiva edir. Qiymətləndirmə aparılarkən təkcə kilometraj haqqı deyil, servis səviyyəsi, sürücülərin davranışı, avtomobillərin vəziyyəti və ümumi xidmət keyfiyyəti də nəzərə alınmalıdır.
Bu baxımdan Azərbaycanda taksi xidmətləri qiymət–keyfiyyət balansına görə regionda orta və qənaətbəxş mövqedədir".
Orxan Hüseyn