Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Sosial şəbəkələrdə taksi sürücüləri ilə bağlı yayılan “buraxılış kartı və fərqlənmə nişanı hansı ərazi üçün verilibsə, sürücü yalnız həmin ərazidə işləyə bilər” iddiaları müzakirələrə səbəb olub. Bəs bu məlumat nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu məsələdə hər hansı qanunsuzluq yoxdur. Onun sözlərinə görə, “Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən taksi buraxılış kartları konkret ərazi üzrə verilir və sürücülər məhz həmin ərazidə daimi taksi fəaliyyəti ilə məşğul olmalıdırlar.
Ekspert incə bir məqama da diqqət çəkib. O, qeyd edib ki, Bakı üzrə qeydiyyatdan keçmiş taksi sürücüsü Bakıda müştəri götürüb Sumqayıta apara bilər və ya Sumqayıtdan müştəri götürüb Bakıya gətirə bilər. Lakin həmin sürücü gedib Sumqayıt ərazisində daimi şəkildə taksi fəaliyyəti ilə məşğul ola bilməz. Eyni qayda Sumqayıt üzrə qeydiyyatdan keçən sürücülərə də aiddir.
“Elə sürücülər var ki, düşünürlər əgər Bakıda qeydiyyatdadırsa, Bakıda müştəri götürüb Sumqayıta apara bilməz. Bu, düzgün yanaşma deyil. Belə bir qadağa yoxdur. Müştərinin hara getmək istəməsi onun öz seçimidir,” – deyə Elməddin Muradlı vurğulayıb.
Ekspert əlavə edib ki, qanun yalnız sürücünün hansı ərazidə daimi fəaliyyət göstərə biləcəyini tənzimləyir. Başqa sözlə, müştərinin bir şəhərdən digərinə aparılması qadağan olunmur, amma sürücünün qeydiyyatdan kənar ərazidə taksi kimi işləməsi qanunvericiliklə nəzərdə tutulmayıb.
Nəqliyyat eksperti sonda taksi sürücülərinə müraciət edərək bildirib ki, buraxılış kartı alarkən bu qaydaları nəzərə almaq vacibdir və mövcud tələblər qanuna tam uyğundur.
Aynurə İsmayıl
KONKRET.az
