Taksilər bahalaşacaq? İmtahan xərclərinə görə...

23.01.2026

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Taksi sektorunda çoxsaylı islahatlar aparılmasına baxmayaraq, boşluqlar qalmaqda davam edir. Problemlərin mərhələli şəkildə həllini tapacağı bildirilir. Keyfiyyət, komfort, təhlükəsizlik məsələləri artdıqca qiymətlərdə bahalaşma müşahidə oluna bilər?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-ın sualına cavab olaraq bildirib ki, taksi sürücülərinin etik davranış qaydaları xüsusi olaraq təşkil olunan taksi kurslarında aşılanır: 
"Bu kurslarda sürücülərə sərnişinlə ünsiyyət, təhlükəsiz sürücülük, peşə etikası və xidmət mədəniyyəti ilə bağlı əsas prinsiplər izah olunur. Daha sonra bu biliklər Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən imtahanlarda yoxlanılır və imtahan suallarında etik davranışla bağlı mövzulara yer verilir".
O bildirib ki, xarici dil imtahanı ilə bağlı məsələ isə cəmiyyətdə müəyyən suallar doğurur:
"Hazırda bu imtahanın harada və hansı əsasla təşkil edildiyi barədə aydın və rəsmi məlumat yoxdur. Ümumilikdə isə xarici dil biliyi tələbi yalnız xüsusi hallarda aktual ola bilər. Məsələn, Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən taksi sürücüləri üçün bu cür tələb müəyyən qədər məntiqli sayıla bilər. Çünki həmin ərazidə əsas müştəri auditoriyası xarici vətəndaşlar olur və bu da xidmət keyfiyyətinin artırılması məqsədi daşıya bilər".
Ekspert deyib ki, bu məsələlərin taksi qiymətlərinə birbaşa təsiri yoxdur.
"Taksi tarifləri etik davranış kursları və ya əlavə bilik tələbləri əsasında formalaşmır. Qiymətlər tamamilə başqa mexanizmlərlə müəyyən edilir. Azərbaycanda taksi qiymətləri dəyişən tarif sisteminə əsaslanır və sabit qiymətlər mövcud deyil. Tariflər əsasən tələb və təklif balansına uyğun olaraq formalaşır. Günün saatı, hava şəraiti, yol sıxlığı və ümumi tələbat qiymətlərin dəyişməsinə birbaşa təsir göstərir. Bu baxımdan etik davranış və ya xarici dil tələbləri taksi xidmətinin qiymət siyasəti ilə əlaqələndirilməməlidir"- deyə ekspert bildirib.
Bu yeniliklər o deməkdir ki, taksiyə əyləşərkən daha nəzakətli və peşəkar sürücü ilə qarşılaşacağıq, lakin bunun üçün cibimizdən əlavə məbləğ çıxmayacaq. Yəni, sürücünün kursa getməsi və ya imtahan verməsi bizim gediş haqqınızın üzərinə əlavə xərc kimi gəlməyəcək, qiymətlər yenə də əvvəlki kimi tıxaca və yağışlı havaya görə tətbiqin (proqramın) təyin etdiyi alqoritmlə dəyişəcək.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью