Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
“Bakıda sürücülər sərnişini mütləq binanın və ya ünvanın qarşısında düşürməyə çalışmamalıdır”.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov səsləndirib. Maraqlıdır, gələcəkdə taksilərin sərnişinləri yalnız müəyyən edilmiş minib-düşmə məntəqələrində endirməsi məcburi ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, taksilər üçün xüsusi imtiyazlar nəzərdə tutulmur və onlar da digər nəqliyyat vasitələri kimi mövcud yol hərəkəti qaydalarına əməl etməlidirlər.
“Şəhər mühitinin öz tələbləri var. Harada dayanmaq qadağandırsa, istər şəxsi avtomobil olsun, istər taksi – fərqi yoxdur, orada saxlamaq olmaz. Amma imkan olan yerlərdə, yaşayış binalarının və evlərin qarşısında sərnişini düşürmək mümkündür”.
Y.Mustafayev qeyd edib ki, bəzi təşəbbüslər nəqliyyat siyasətində ziddiyyət yaradır:
“İndi hətta taksilərin avtobus zolaqları ilə hərəkət etməsi məsələsi qaldırılır. Halbuki məqsəd insanları ictimai nəqliyyata yönəltməkdir. Belə addımlar bu məqsədlə uyğun gəlmir”.
Qeyd edək ki, son dövrlər Bakıda nəqliyyat axınının tənzimlənməsi və taksi fəaliyyətinin qaydaya salınması ilə bağlı müxtəlif təkliflər irəli sürülür.
Aynurə İsmayıl
KONKRET.az
