Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif:Şəbnəm İbrahimxəlilova, Banco.az
Son illərdə kredit və taksit imkanları istehlak bazarında geniş yayılıb. Məişət texnikası, elektronika, mebel və hətta gündəlik tələbat məhsullarını hissə-hissə ödəməklə əldə etmək mümkündür. Bir çox istehlakçı məhsulun tam qiymətini birdəfəlik ödəmək əvəzinə aylıq ödənişlərə üstünlük verir. Bu tendensiya kreditlə alış-verişin əhalinin istehlak vərdişlərindəki yerini və insanların bu maliyyələşmə üsuluna niyə daha çox müraciət etdiyini gündəmə gətirir.
Kreditlə alış-verişin geniş yayılması ailə büdcəsinə və əhalinin borclanma səviyyəsinə necə təsir edir? Hansı məqamda taksit imkanları istehlakçı üçün maliyyə riskinə çevrilir?
Azərbaycan Banklar Assosiasiyasının eksperti, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru İsmayıl Məmmədov Banco.az-a bildirir ki, kredit və taksit imkanlarının istehlak bazarında genişlənməsi həm iqtisadi imkanları artırır, həm də ailə büdcələrinin idarə olunmasında yeni davranış modelləri yaradır.
“Kredit və taksit özü maliyyə problemi deyil. Problem kreditin həcmi ilə gəlir və ödəmə qabiliyyəti arasında balansın pozulmasıdır.
Müasir istehlak iqtisadiyyatında kreditin əsas funksiyalarından biri insanın gələcək gəlirini bu gün istifadə etməsinə imkan yaratmaqdır. Bu, iqtisadi baxımdan tamamilə normal mexanizmdir. Kredit portfelinin böyüməsini avtomatik olaraq problem kimi qiymətləndirmək olmaz. Kreditin keyfiyyəti, borcalanın gəliri, ödəmə qabiliyyəti, gecikmələr və borc xidmətinin gəlirə nisbəti daha əhəmiyyətli göstəricilərdir.
2025-ci ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı təxminən 1 103 manat olub və illik artım 9,3% təşkil edib. 2026-cı ilin yanvar-sentyabrında orta aylıq nominal əməkhaqqı 1 172,7 manat səviyyəsinə yüksəlib. Eyni zamanda kredit qoyuluşları da artır: 2026-cı ilin sentyabrında iqtisadiyyata kredit qoyuluşları 35,74 mlrd manat olub və illik artım 15,1% təşkil edib. Deməli, kredit artımına yalnız “əhalinin borcu artır” kimi baxmaq elmi baxımdan kifayət qədər düzgün deyil. İqtisadiyyat böyüdükcə, gəlirlər artdıqca və maliyyə xidmətləri əlçatan olduqca kredit tələbi də artır. Əsas məsələ kreditin artıb-artmaması yox, kreditin gəlirdən daha sürətli artıb-artmamasıdır”.
O deyir ki, iqtisadiyyatda “present bias” – indiki faydanı gələcək faydadan daha yüksək qiymətləndirmə kimi tanınan davranış iqtisadiyyatı amili də işə düşür: “İnsan 1 500 manat ödəmək istəmir. Amma “Ayda 125 manatdır” ifadəsini daha rahat qəbul edir. Halbuki iqtisadi mahiyyət dəyişmir. 1 500 manat yenə 1 500 manatdır. Sadəcə ödəniş zamana yayılır.
Ona görə maliyyə savadlılığı yalnız “borc götürmə” demək deyil. İstehlakçıya öyrətmək lazımdır ki, mağazada “Ayda neçə manatdır?” sualından əvvəl “Mən bunun üçün ümumilikdə neçə manat ödəyəcəyəm?” sualını versin. Əgər eyni məhsulu münasib şərtlərlə 12 aya bölmək mümkündürsə, ailə öz likvidliyini qoruyaraq ehtiyat vəsaitini saxlayır. Burada taksit istehlakın süni şəkildə artırılmasına yox, likvidliyin idarə edilməsinə xidmət edir. Bu, sağlam istifadədir.
Ən təhlükəli mərhələ: “borcu borcla bağlamaq”. Kredit riskinin ən ciddi siqnallarından biri budur. İnsan artıq məhsul almaq üçün deyil, əvvəlki borcların ödənişini davam etdirmək üçün borclanır. Bu, istehlak kreditindən borc dövriyyəsinə keçiddir. Bank risk menecmenti baxımından məhz bu nöqtə xüsusi diqqət tələb edir. Kredit riski yalnız bugünkü gəlirlə deyil, gəlirin sabitliyi və gələcək şoklara davamlılıqla da bağlıdır”.
“Mərkəzi Bankın məlumatına görə, bank sektorunun ümumi kredit portfeli 2024-cü ilin sonunda 27,48 mlrd manat, 2025-ci ilin sonunda 30,06 mlrd manat, 2026-cı ilin sentyabrında isə 33,68 mlrd manat olub. İstehlak kreditləri isə müvafiq olaraq 8,45 mlrd, 9,35 mlrd və 10,41 mlrd manat təşkil edib. Deməli, bu məsələ artıq yalnız ayrı-ayrı ailələrin büdcəsi məsələsi deyil. Bu, eyni zamanda maliyyə savadlılığı və nəticə etibarilə maliyyə sabitliyi məsələsidir.
Peşəkar bankçılıqda yaxşı kredit o kredit deyil ki, müştəriyə ən böyük məbləğ verilsin. Yaxşı kredit – müştərinin ödəyə biləcəyi və bankın riskini düzgün qiymətləndirdiyi kreditdir. Məqsəd krediti elə səviyyədə əlçatan etməkdir ki, kredit iqtisadi imkan yaratsın, borc isə ailənin gələcəyini girov götürməsin” – deyə ekspert əlavə edib.