Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əfqanıstanda Taliban rejimi Bəlx əyalətində rəsmi sənədlərdə qadınların adlarının qeyd olunmasını qadağan edib.
Turkustan.az xəbər verir ki, Britaniyanın “The Guardian” qəzeti və Əfqanıstanda fəaliyyət göstərən “Zan Times” nəşrinin araşdırmasına görə, dövlət məmurlarına qadınlara adları ilə deyil, “Bibi” (nənə) kimi müraciət etmək tapşırılıb. Bəzi hallarda isə qadınlara “keçi” və “inək” kimi təhqiramiz ifadələrlə xitab edilib.
Məlumata görə, xəstəxana əməkdaşlarından və dövlət məmurlarından qadınların əsl adlarını rəsmi sənədlərdə qeyd etməmələri tələb olunub. Qadağa tibbi reseptlərə və xəstə sənədlərinə də şamil edilir.
Qadın hüquqları müdafiəçiləri bu təcrübənin qadınları ictimai həyatdan silməyə yönəlmiş siyasətin tərkib hissəsi olduğunu bildirirlər.
Əfqan fəalı Lalah Osmani qadınlara heyvan adları ilə müraciət edilməsini “insanlıqdan kənarlaşdırma prosesi” adlandırıb. ABŞ-da yerləşən “Femena” təşkilatının Əfqanıstan proqramının direktoru Zübeydə Əkbər isə qadağanın ölkənin digər bölgələrinə də yayıla biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Taliban 2021-ci ildə hakimiyyəti ələ keçirdikdən sonra qızların 12 yaşından sonra təhsil almasını qadağan edib, qadınların bir çox sahədə işləməsinə məhdudiyyətlər qoyub və onların ictimai həyatda iştirakını ciddi şəkildə məhdudlaşdıran 144-dən çox fərman qəbul edib.
Aytən Yaşar/ Turkustan.az