Taliblər Vaşinqtona şərt qoyublar

26.01.2026

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “New York Times (NYT)” nəşrinin məlumatına görə, “Taliban” indi Vaşinqtonun ABŞ-də Usama bin Ladenin tərcüməçisi və kuryer kimi işləməkdə ittiham olunan Məhəmməd Rəhimin azad edilməsini nəzərdə tutan razılaşmada israrlıdır.
Son bir il ərzində Əfqanıstan hakimiyyəti azı beş amerikalı məhbusu azad etsə də, qalan məhbusların taleyi ilə bağlı danışıqlar dalana dirənib. Belə ki, Kabil istənilən sonrakı razılaşmaya əsasən, hazırda “Quantanamo” həbsxanasında saxlanılan Məhəmməd Rəhimin azad edilməsini istəyir.
“NYT” bildirir ki, bu, “Taliban”ın belə tələblər irəli sürməsi ilə bağlı ilk məlum nümunədir.
“Biz daha iki amerikalı məhbusu azad etmək istəyirik və eyni zamanda Quantanamodakı məhbusumuzun taleyinə aydınlıq gətirilməlidir. Məhəmməd Rəhim azad edilməlidir”, - qəzet “Taliban”ın sözçüsü Zabihullah Mücahiddən sitat gətirir.
Hazırda ən azı üç Amerika vətəndaşının Əfqanıstanda həbsdə qaldığı məlumdur. “Taliban” onlardan ikisini saxladığını etiraf edir: keçən ilin yanvar ayından həbsdə olan alim Dennis Uolter Koyl və ABŞ ordusunun keçmiş əsgəri Polinezis Cekson.
Əfqanıstanda saxlanılan digər ABŞ vətəndaşı isə Mahmud Həbibidir. ABŞ-nin Federal Təhlükəsizlik Bürosunun (FTB) iddiasına görə, Mahmud Həbibi 2022-ci ildə Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsənin (MKİ) Kabildə “Əl-Qaidə”nin lideri Ayman əl-Zəvahirini öldürməsindən az sonra həbs olunub. Lakin Əfqanıstan rəsmiləri onun yeri barədə məlumatlarının olmadığını bildirirlər.
ABŞ-nin yüksək vəzifəli məmuru qəzetə açıqlamasında Məhəmməd Rəhimin gələcək sövdələşmədə yer alacağının mümkünlüyünü rədd edib. Eyni zamanda, ABŞ Dövlət Departamenti “Taliban” qarşısında saxlanılan bütün Amerika vətəndaşlarını azadlığa buraxmaq və “girov diplomatiyasına” son qoymaq tələbini irəli sürüb.
Əfqanıstanın Xarici İşlər Nazirliyi, öz növbəsində, Amerika vətəndaşlarının sonradan sövdələşmələr bağlamaq üçün ölkədə həbs olunması ilə bağlı ittihamları rədd edib.
Xatırladaq ki, Məhəmməd Rəhim “Quantanamo” həbsxanasında saxlanılan sonuncu Əfqanıstan vətəndaşıdır. O, 2008-ci ildən buradadır. Onda ABŞ hökuməti Rəhimin “Əl-Qaidə”nin yüksək rütbəli üzvü olduğunu bildirirdi. “NYT” qəzetinin daha əvvəl yazdığına görə, Məhəmməd Rəhim həm də Usamə bin Ladenin güman edilən kuryeri və tərcüməçisi kimi təqdim olunsa da, sərbəst buraxılacağı təqdirdə onun ABŞ üçün təhlükə yaratmayacağı düşünülürdü.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью