Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Azərbaycan cüdosu son illərdə inkişaf etməkdə və beynəlxalq aləmdə diqqət mərkəzinə düşməkdədir. Təsadüfi deyil ki, bu il keçiriləcək dünya çempionatına da ev sahibliyini məhz Bakı edəcək.
Mundial 4-16 oktyabr tarixlərində keçiriləcək. Azərbaycan Cüdo Federasiyası artıq bir müddətdir, təbliğat və təşviqat işlərinə başlayıb.
Dünya çempionatına hazırlıqla bağlı federasiyanın idman direktoru və baş katibin müavini Kamran Talıbovla danışdıq:
– Dünya çempionatının startına az vaxt qalıb. İşləriniz necə gedir?
– Bakıda keçiriləcək dünya çempionatına hazırlıq işləri plan üzrə davam edir və proses artıq intensiv mərhələyə daxil olub. Yarışın keçirilməsi ilə bağlı əsas təşkilati istiqamətlər müəyyənləşdirilib. Yayımın təşkili, arenanın tərtibatı və texniki təminat üzrə müvafiq vendorlar təyin olunub, hazırda aidiyyəti sahələr üzrə hazırlıq işləri davam etdirilir.
– Bu yarış cüdoda ən nüfuzlu turnirdir. Federasiya tərəfindən indiki məqamda təbliğat işləri necə aparılır?
– Çempionatın təbliğatı da paralel şəkildə həyata keçirilir. Yarışın vizual kimliyi təqdim olunub, biletlər satışa çıxarılıb, sosial media platformalarında kommunikasiya kampaniyasına başlanılıb. Rəqəmsal kanallarda dünya cüdosunun tanınmış simalarının Bakıya gəlişi, çempionatın proqramı və bilet satışı ilə bağlı məzmunlar yayımlanır. Bununla yanaşı, şəhər mühitində küçə reklamları və müxtəlif vizual kommunikasiya vasitələri ilə çempionatın görünürlüğünün artırılması istiqamətində işlər aparılır. Yarış yaxınlaşdıqca sosial media və digər təbliğat kanallarında kampaniyanın intensivliyi daha da artırılacaq.
– Bilet satışından söz açdınız. Yarışa maraq necədir?
– Xarici ölkələrdən dünya çempionatına maraq yüksəkdir. Bilet satışlarının hazırkı göstəriciləri də bunu deməyə əsas verir – indiyədək satılan biletlərin əksəriyyəti xaricdən alınıb. Bu, Bakıdakı dünya çempionatının yalnız yerli deyil, beynəlxalq cüdo auditoriyası tərəfindən də böyük maraqla gözlənildiyini göstərir.
– Çempionata ev sahibliyi etməyin yerli idmançılar üçün üstünlükləri çoxdur. Hansı məqamları qabarıq şəkildə önə çəkmək olar?
– Qarşıdakı dövrdə əsas hədəflərdən biri yerli azarkeş marağını daha da artırmaqdır. Azərbaycan millisinin dünyanın aparıcı komandalarından biri olması və cüdoçularımızın öz azarkeşləri qarşısında dünya çempionluğu uğrunda mübarizə aparması bu baxımdan böyük üstünlükdür. Kommunikasiya kampaniyasında milli komandamızın üzvlərinin, dünya cüdosunun ulduzlarının və Bakıda gözlənilən maraqlı qarşılaşmaların daha geniş təqdim olunması nəzərdə tutulur.
– Federasiyanın planında başqa hansısa turnirlərin təşkilatçılığı var?
– Ümumilikdə məqsəd həm təşkilati və texniki baxımdan yüksək standartlara cavab verən dünya çempionatı keçirmək, həm də yarış günlərində arenada böyük cüdo turnirinə uyğun azarkeş atmosferi formalaşdırmaqdır.
Şahin Cəfərov