Tamaşadan sonra Əli Əmirli yazır

09.10.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əli ƏMİRLİ

Özünü heykəl kimi qurutmuş Qüdrət pərdə örtülən kimi hərəkətə gəldi, qaçıb səhnədən çıxdı. Onsuz da gurultulu alqış səslərinin ona dəxli yox idi. Səhnədən qrim otaqlarına aparan işıqlı dəhlizdən keçib üçüncü dərəcədən olan aktyorların qrim otağına girdi.

- Sizin də canınız qurtardımı?

Bu sualı verən kütləvi səhnələrin daimi iştirakçısı Heybət kişi idi. Rolunu bir pərdə qabaq oynayıb bitirmişdi. Artıq öz paltosunda dayanmışdı evə getmək üçün, ancaq hələ tərpənmirdi. Görünür, həmişə teatrdan axırıncı çıxmaq vərdişini üstələyə bilmirdi. Heybət kişi sualının cavabını gözləmədən öz məsləkdaşı və sənət dostu Sadığa dedi:

- Sən öləsən, hər tamaşa bitəndə, elə bil ömrümdən bir yarpaq qopub torpağa düşür.

Sadıq dişsiz ağzı ilə gülümsəyib Qüdrətə göz vurdu:

- Yarpağın xışıltısını hələ eşidə bilirsənmi?

Heybət uzundimdik kepkasını asılqandan götürüb, - Sən zarafat elə - dedi.

Qüdrət qocaların söhbətinə məhəl qoymadan paltarını dəyişib güzgünün qabağında oturdu.

- Oğul, sənə nə qədər demişəm, əvvəl qrimini sil, sonra paltarını dəyiş - deyə Heybət kişi yenə də başını bulayıb Sadığa baxdı. Hər ikisi Qüdrətlə həvəssiz xudafizləşdilər. Qapıda az qala Tofiqlə toqquşdular.

- Pah, bağışlayın, qocalar, yıxmışdım sizi - deyə Tofiq güllə kimi içəri girdi.

- Yıxarsan, oğul, çox havalısan.

- Havalı vaxtımızdır də!

Tofiq qapıdan çıxan qocaların arxasınca teatral bir qəhqəhə çəkdi və qəfil də Qüdrətə:

- Sən nə tez qaçıb özünü soxdun bura? Görmədin ey nə aləm vardı. Narınc xanımı gül-çiçək içində basdırdılar.

Qüdrət ona fikir verməyib qurama saqqalı çənəsindən qopartdı. Birdən-birə azı iyirmi yaş cavanlaşdı. Saqqalı əlbəsə topbasına qoyub masanın yeşiyində gizlətdi. Sonra qrimli sifətinə vazelin çəkməyə başladı. Hərəkətlərində çox cəld idi, harasa geçikəcəyindən qorxan adam kimi tez-tez saatına baxırdı və üzünə vazelin sürtdüyü vaxt yadına düşdü ki, qolunda saat səhnəyə çıxıb. Kleopatranın keşikçisinin qolunda saat! Heç yaxşı olmadı. Vazelinli sifətini pambıqla silməyə başladı. Par-par parıldayan üzündən vazelin qarışıq qrim  çıxdıqca Qüdrət cavanlaşırdı. Bu iş sona yetəndə o, iyirmi beş yaşındakı adi vəziyyətinə qayıtmışdı.

Paltarını dəyişib qurtarmış Tofiq onun əlindən vazelin bankasını alıb lopa-lopa sifətinə çəkməyə başladı.

- Bizə də bir macal ver, tək deyilsən. -  Dirsəyi ilə Qüdrəti  çiyni ilə itələdi.

- Tələsirəm, işim var.

- Pah, heç iki saat əlində nizə primadonnanın keşiyini çəkəndə tələsmirdin. Özünü də elə qurutmuşdun ki! Mən ölüm, de görüm bax eləcə dimdik necə dayanırsan? Yəni bir qaşınan yerin olmur?

Qüdrət plaşını geyinə-geyinə güldü.

- Qaşınsa da, gərək dözək. İncəsənət qurban tələb edir. Mən getdim.

- Dayan görüm! - Tofiq onun plaşının yaxalığından yapışıb sifətini iylədi.

-  Püfff! Yazıq o qızın halına ki səni gözləyir. Sifətin yağloçadır, iyi də ki...

 Qüdrət yaxasını onun əlindən çıxarıb qapıdan çıxdı.

Teatrın foyesi hələ tamam boşalmamışdı. Asılqanın qarşısında bir neçə sıra növbə vardı. Qüdrət boynunu plaşının içinə çəkib açıq qapıdan küçəyə çıxdı. Payız nəfəsli soyuq hava tərli üzünə, boyun-boğazına toxundu, açıq yaxasından tərli bədəninə sazaq axdı. Əməllicə üşüdü. Plaşının yaxalığını mümkün qədər qaldırdı, başını kəskin hərəkətlə tərpədib saçını alnına tökdü. Belə yaxşı göründüyünü bilirdi. Fikirləşdi ki, məşhur olsaydım, foyedə məni barmaqla göstərər, yaxınlaşıb şəkil çəkdirərdilər. Amma indi?! Kimin nə vecinədi Kleopatraya keşik çəkən artist yerindən qımıldanmadan donub qalmışdı heykəl kimi. Bunun ardınca ağlına gələn fikir dodağını qaçırdı. Birdən foyedə bir nəfər o birinə pıçıldayaydı ki, bax odur, özüdür, Kleopatranın keşikçisi. Necə yaxşı keşik çəkirdi, adam valeh olurdu. Bravo! Qüdrət güldü və öz-özünə pıçıldadı: gicləmə! Birdən hara tələsdiyi yadına düşdü. Tez cib dəsmalını çıxarıb sifətini bir də yaxşı-yaxşı sildi, addımlarının sürətini artırdı. Teatrdan iki tin aşağıda işıq tutmayan səkidə tanış qaraltını görüb yüyürdü.

- Axşamın xeyir.

- Axır gəlib çıxdın.

- Hə, gəldim. Çox gözlətdim səni?

- Bir elə də yox.

Qız Qüdrətin qoluna girdi. Qüdrət bir az təəccübləndi. Nə qızın səsi, nə də birdən-birə, çəm-xəmsiz  qoluna girməsi ona tanış gəldi. Bu, həmişəki Nailəyə az oxşadı, nəsə bir az yadlaşmışdı.

Avtobus dayanacağına qədər qol-qola getdilər. Dayanacağa bir az qalmış Qüdrət həmişəki kimi addımlarını yavaşıtmaq istəyirdi ki, yenə də Nailənin təzə səsini eşitdi:

- Gəl piyada gedək, evdə demişəm tamaşa gec qurtaracaq.

Özgə vaxt olsaydı, Qüdrət çox sevinərdi, indi sevinə bilmədi, ancaq özünü sevinən kimi göstərdi. Əlini qızın cibinə salıb onun soyuq barmaqlarını mehribanlıqla sıxdı. Qız onun sözsüz təşəkkürünə ya fikir vermədi, ya da vermək istəmədi.

Çəmbərkəndə gedən kəsə yolları qoyub Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinə tərəf üz tutdular.

Onlar çoxdanın tanışı idilər. Orta məktəbdə bir oxumuşdular. Qız Tibb universitetinə, oğlansa İncəsənət universitetinə daxil olmuşdu. Düz ilyarımdı oğlan Akademik teatrda aktyor idi. Qız isə axırıncı kursda idi. Heç biri danışmırdı. Qüdrət hiss edirdi, qızın nəsə sözü var, ona görə də birinci danışmaq istəmirdi. Bəlkə danışacağı, deyəcəyi söz heç qızın əhvalına uyğun olmadı. Bir də qız oğlanı ilk dəfə böyük rolda görmüşdü. Deməli, o danışmalıydı. Təəssüratını oğlana deməliydi.

Qız axır ki dilləndi:

- Bu gün dərsdən qayıdanda Teymura rast gəldim.

Oğlan heç nə başa düşmədi.

- Kimə? Teymur kimdi?

- Cırtdanı deyirəm də.

- Aaa - ha, bildim. - İstər-istəməz güldü və öz-özünə cırtdan Teymurun bura nə dəxli var sualını verdi. - Elə Cırtdan dedin ona?

- Yox bir, indi ona Cırtdan demək olar? Altında bir maşını var...

- Boyu da artıb?

 Qız güldü.

 - Yox, artmayıb. Maşınına dəvət elədi məni.

 - Oturdun?

 - Yox, elə dəyişib, özgə adama oxşayır. Elə bil həmin Cırtdan deyil. Bir də... maşında adamın törəliyi bilinmir.

 - Görünür, gəlirli vəzifəsi var.

 Oğlan əlini qızın cibindən çıxarıb öz cibinə qoydu. Uca qəddini əyib ahıl addımlarla yeriyirdi. Daha Cırtdan haqqında danışmadılar. Oğlan incimişdi bir az. Teatrdan çıxanda bütün varlığını bürümüş həyəcanı Cırtdan söhbəti yuyub aparmışdı. Bu həyəcanın yerini məzmunu çox da aydın olmayan laqeyd bir qüssə tutmuşdu. Bu qüssə özünü çox şeyə layiq bilən, ancaq heç nəyə nail olmayan adamların ürəyinə çox tez yol tapır və onun son həddi tənbəllikdir. Həm də çox həzin bir qüssə. İndi Qüdrətin içini də belə bir qüssə doldurmuşdu.

Qız onun kefsizlədiyini başa düşdü, bayaq oğlanın elədiyi kimi əlini onun cibinə salıb iri, qayğıkeş əlini sığalladı və sonra da öz əlinə daha çox yer eləyib cibin lap dibinə endi. Qızın barmağı deşiyə düşdü. O, güldü.

 - Mən də deyirəm sənin pulun niyə yoxdur. Demə cibin yırtıqmış.

 Oğlanın dodağı qaçdı:

- Deyirsən yırtığı tiksəm, canım pulsuzluqdan qurtarar? - dedi və ürəyində dəli bir istək baş qaldırdı, yəni qızı öpmək istədi. Özgə vaxt olsaydı, yəqin ki, öpərdi, ancaq bu gün nəsə ona mane oldu, qızı öpməkdən vaz keçdi. Eyni zamanda daxili bir səs onu qorxutdu, hətta rəngi ağardı. Elə bil onu səksəndirmişdilər. Daxilindəki o qəribə səsi batırmağa çalışdı. Qızın üzünə baxıb öz-özünə üç dəfə "ola bilməz" dedi.

Nailə tamaşa haqqında hələ bir şey deməmişdi, Qüdrət də daha gözləmirdi. Qız birdən dedi:

- Yaxşı tamaşa idi.

- Gördün Narınc xanım necə oynadı?

- Yaxşı idi, elə Antoni də pis deyildi, ancaq təbiilik xatirinə səhnə danışığını adi söhbətə çevirmək olmaz mən bilən. Mənə elə gəlir bu üsul əslində təbiiliyin özünə xələl gətirir.

Oğlan qızın tamaşa haqqında rəyinə qulaq asmırdı. Qızın mühakiməsinin soyuq ahəngi onu təəccübləndirmişdi. Bu soyuq mühakimə onun bir az əvvəl üç dəfə öz-özünə təkrar elədiyi "ola bilməz"in birinin üstündən xətt çəkdi.

Bugünkü tamaşada Qüdrət iki rolda oynamışdı. İkinci pərdədə elçi idi, sonrakı pərdələrdə isə Kleopatranın keşikçisi. Elçi sözlü rol idi və bu, onun universitet səhnəsindən sonra ilk böyük rolu hesab olunurdu. İndi bu oyunu haqqında qızın fikrini bilmək istəyirdi, qız isə onun haqqında heç nə deməmişdi.

Rejissor Qüdrətin oyunun bəyənmişdi və gələcəkdə ona daha məsuliyyətli rol verəcəyini vəd etmişdi. Əlbəttə, Qüdrət çox sevinmişdi. O, bu barədə Nailəyə heç nə deməmişdi, yəqin ki bu gün deməyəcəkdi də.

- Sən niyə danışmırsan?

Oğlan qıza cavab vermədi və onlar İstiqlaiyyətə çatıb üzü yuxarı qalxmağa başladılar. Qız onun qoluna girdi. Oğlan plaşından pencəyinə, pencəyindən köynəyinə və oradan da bədəninə keçən istiliyi duyurdu. İlk dəfə idi ki, bu istilik onu həyəcanlandırmır, xəyalında adamı haldan çıxaran mənzərələr yaratmırdı.

- Bu binanın memarı kimdir?

Oğlan təəccüblə qızın üzünə baxdı. Qız gülümsədi.

- Yaddaşım kütləşib.

Əslində isə belə deyildi. O, Qüdrətin danışmasını istəyirdi. Fərqi yox idi nədən. Bu gün o, qətiyyən sükuta dözə bilmirdi.

Qüdrət akademiyanın mirvari gözəlliyinə baxıb sakitcə dilləndi:

- Memar Ploşko. Venetsiya qotikası üslubundadır. Həmin memarın tikdiyi ikinci bina "Səadət sarayıdır". O bina fransız qotikasıdır.

Yenə də söhbət kəsildi. Sükut hər ikisini əzirdi.

- Bir şey danış, adamın ürəyi çəkilir, - dedi qız və onun qolundan asıldı.

- Nə danışım?

- Nədən istəyirsən, elə yaxşı bildiyin arxitekturadan.

- Bizim Tofiqi kinoya çəkirlər.

- Yox a?! O kifirin nəyini çəkirlər?

- İncəsənətdə kifirlər də işə yarayırlar, elə həyatda olduğu kimi.

- Ooo... - qız gülümsədi və əlavə etdi: - Hər halda biləndə ki, səni kifir olduğuna görə kinoya çəkirlər, yəqin çox da sevinmir adam.

- Kinoya çəkilməyən kifirlərin heç biri hələ gözəlləşməyib.

Oğlan incimişdi, əslində o kifir olmasa da, qızın sözlərindən incimişdi. Səbəbini də özünə aydınlaşdıra bilmirdi. Məsələ burasında idi ki, bu gün sözləri bir-birinə xoş gəlmirdi, səbəb də içini yeyən şübhə idi. Hiss edirdi ki, bu bekara söz mübadiləsi nəyinsə müqəddiməsidir.

Filarmoniyanın qarşısından keçirdilər. Binanın ətrafı və qarşısı adamsız idi. Görünür, konsert çoxdan qurtarmışdı. Qız bir az əvvəl akademiyanın binasına baxdığı kimi, indi də ilk dəfə görürmüş kimi Filarmoniyanın qəribəliyinə və çox orijinal formasına ayaq saxlayıb heyran-heyran tamaşa eləyirdi. Qız Qüdrətlə olanda həmişə dəfələrlə görmüş olduğu binalara yeni gözlə və heyrətlə baxırdı. Həmişə də deyirdi ki, şəhəri sevmək üçün onu yaxşı tanımaq lazımdır. Yaxından tanımadığın adamı sevə bilmədiyin kimi hər daşına, binasına,  küçəsinə bələd olmadığın şəhəri də sevmək mümkün deyil.

Qüdrət Bakını yaxşı tanıyırdı. Onun bu sahədəki biliyinə Nailə qibtə edirdi, hətta tez-tez deyirdi ki, gərək sən memar olaydın.

- Filarmoniyanı kim tikib?

Yenə də informasiya verirmiş kimi Qüdrət hissiz və həyəcansız danışdı:

- Memar Ter-Mikelov. Bina neoklassik formada tikilib. Bu, mavritan üslubunda tikilmiş bina da, - Filarmoniya ilə üz-üzə olan yaşayış binasını göstərdi, - həmin memarın işidir. Bilik cəmiyyətinin binası da. Yenə sualınız var daşa-divara aid?

- Yoxdur.

Filarmoniyanın binası arxada qaldı. Çəmbərkəndə qalxdıqca qız onun qolundan daha çox asılırdı.

- Səni yordummu?

- Yox, niyə yorulum, xoşdur.

Qız güldü.

- Elə danışırsan ki, guya təzəcə tanış olmuşuq.

- Görünür, vəziyyət belə tələb eləyir.

Qız da qüssələnmişdi. Bir az əvvəl səsindəki soyuq xallar əriyirdi. O, başa düşürdü ki, ona tanış olmayan təzəcə yaranmış vəziyyət öz iddiasını irəli sürür. Qız istəmədən dilləndi:

- Görəsən, vəziyyət niyə belə tələb eləyir? - Səsinin havası birdən dəyişdi. - Bu da bizim tut ağacı! - Köhnə evlərin yerində salınmış fəvvarəli-şəlaləli xiyabanın cənub hissəsində hələ yarpaqları tamam saralmamış kiçik bir tut ağacı vardı.

- Bizim ev bax burda idi, - ayağını mərmər səkiyə vurdu. - Bu tutun budaqları bizim eyvana çatırdı. - Görürsən kötüyü necə yoğundur?! - Oğlan diqqətlə qızın həyəcanlı söhbətini dinləyirdi və hərdən başını təsdiq əlaməti olaraq tərpədirdi.

- Yadındadımı, səkkizinci sinifdə oxuyanda ağacdan yıxılmışdım? Bax bu tutun qanadından qopub yerə dəymişdim.

Oğlan birdən gördü, qızın gözləri yaşarıb və nədənsə rəngi də dəyişib. Gündüz işıqlarının bənizi qaçmış ziyasında onun rəngi lap solğun göründü.

- Dediklərinin hamısını bilirəm.

- Sən məni qınayırsan?

- Yox, qətiyyən.

- Yalan danışma. Bir az cəsarətli ol. Sən hər şeyi çox gözəl bilirsən, mənimlə də sərt danışmaqdan çəkinmə. Mənim sənə yazığım gəlməyəcək.

Qız hiddətlə üzünü dəniz səmtə çevirdi. Dəniz burdan görünməsə də, nəfəsi hiss olunurdu. Oğlan onun arxasında dayanıb titrəyən vücuduna baxırdı. Qızı qəfil qucaqlamamaq üçün əllərini plaşının cibinə qoydu, barmağı cibin deşiyinə düşdü. Üzündən zəif təbəssüm keçdi. Qız təhərini pozmadan sözünə davam elədi:

- Əslində sən heç nə bilmirsən. Uşaqlığımın keçdiyi evdən, məhəllədən ayrılmışam. Bu tut ağacını hər görəndə kövrəlirəm. Bu ağac mənə çox əzizdir. Nə qədər əziz olsa da, indi onu aşadığım təzə-rahat mənzilə apara bilmirəm, çünki o, indi mənə lazım deyil. Yəqin sən məni başa düşürsən. - Qız yanağına yuvarlanmış yaşı sildi, səsi titrədi. - Yox, bunlar hamısı sənə demək istədiyim əsl mətləbin müqəddiməsidir.

Oğlan güclə eşidiləcək səslə dilləndi:

- Sənə çətindirsə, danışma, mən hər şeyi başa düşdüm.

- Sözümü kəsmə - deyən qız yenə  yanağındakı yaşı sildi. - Çoxdandır bu haqda düşünürəm, ancaq sənə necə deməyi ağlıma sığışdıra bilmirdim, daha doğrusu, bacarmırdım. Hələ məktəbdə səni böyük istedad hesab eləyirdim. Sonralar da. Gözləyirdim ki, mənim inamım öz bəhrəsini verəcək. Bəlkə də bu ümidlər səni sevməyimə təkan verib. - Qız sözünü saxlayıb dərindən nəfəs aldı.

- Hə, sonra... aldandığımı başa düşdüm. Ümidim getdikcə əriyib yox oldu, onunla da bir yerdə sevgim, əgər ona sevgi demək olarsa.

Oğlan boynunu yaxalığı qaldırılmış plaşının içərisinə çəkib büzüşmüşdü. Qızın vücuduna baxsa da, heç nə görmürdü. Ona elə gəlirdi ki, qızın dedikləri tanış bir pyesdəndir. Pyesə görə oğlanın sözü yoxdur və o, boynunu yaxası qaldırılmış plaşın içərisinə çəkib titrəməlidir. Qız isə havayı yerə xərclədiyi illər üçün onu qəddarcasına ittiham etməlidir.

- Mən səni hər dəfə epizodik qoca rolunda görəndən sonra bir neçə gün özümə gələ bilmirəm. Sən mənim qolumdan tutanda, ixtiyarsız ətim ürpəşir, elə bilirəm...

Oğlan güldü və hiss elədi ki, bu, çox yersiz gülüş oldu. O, əllərini cibindən çıxarmadan mərmər surahıda oturmuşdu.

Qız daha danışmırdı, sakitləşmişdi. Oğlan xəcalət çəkirdi, özünü gizlətmək üçün fikrən yer axtarırdı. Üzündə də qəribə, əlacsız təbəssüm donmuşdu.

Hannan-hana qız üzünü oğlana tərəf çevirib dedi:

- Bu sözləri deyəndə nə qədər əzab çəkdiyimi bilsəydin, keçərdin günahımdan.

Oğlan başını tərpətsə də, onun üzünə baxmadı. Qız qəfil əyilib oğlanın "yağloça" yanağından öpdü və bu dəfə srağagünkü kimi çiyrinmədi. Bir onu bildi ki, oğlanın üzündən gələn bu qarışıq qoxu heç vaxt yadından çıxmayacaq, hərdən-birdən özünü nişan verəcək, lap yüz yaşına çatsa da, lap onun sifətini, görkəmini, səsini və daha nəyini unutsa da.

Oğlan qızı çox öpmüşdü, əvəzini də çox almışdı, indi isə bu sərin öpüş onu diksindirdi və o, astadan pıçıldadı:

- Bu da nöqtəsi?

Qız qəfil yerindən götürüldü və lap dikdirdə yerləşən təzə binaya tərəf qaçdı.

Qüdrət durduğu yerə mıxlanmış kimi tərpənmədi. Xeyli müddət gedənin arxasınca baxdı.  Sinəsində boşluq vardı, elə bil ürəyini müvəqqəti çıxarıb harasa qoymuşdular... demişdilər get bir az gəz dolan, yoxsa partlayarsan, bir himə bənd olan qovuq kimi.

lll

Nailə evlərinə çatıb zəngi basdı. Anası qapını açdı.

- Axır gəlib çıxdın. Nooldu?

Qız dillənmədən içəri keçdi. Anası onun titrəyən vücuduna nəzər salıb səsindən aldı, rahatlıqla köksünü ötürdü. Qız sakitcə plaşını soyunub divar şkafından asdı. Güzgü qabağında dayanıb saçına sığal verdi və birdən anasının güzgüyə düşmüş əksi ilə göz-gözə gəldi. Bədənini bürüyən göynərtidən üz-gözü əyilib şəklini dəyişdi. Anası özünü yetirib hönkürtüdən bütün bədəni əsən qızı qucaqladı.

- Hamısı keçib gedəcək. Özün başa düşdün ki, o, sənin tayın deyil. - Qız daha bərk hönkürdü. - Barı bir artist də olaydı! Gah keşikçidir, gah nökər,  gah da nə bilim nə. Hər gecə qayıdacaqdı sir-sifəti yağloça. - Arvad xəyalında nəsə qurub iyrənən kimi ağız-burnunu əydi...

lll

Qüdrət bir xeyli də işıqları yanan tanış pəncərəyə baxdı. İşıqlar söndü və o, hiss elədi ki, ürəyi sinəsinə qayıtdı, özü də dərdli aşıq kimi sızıldayır. O, indicə başa düşdü ki, Nailəni həmişəlik itirdi. Burnunun ucundan tüstü çıxdı.

Qulaqlarında qəribə bir uğultu vardı və bu uğultu fikirləşməyə, öz-özünə danışmağa mane olurdu. O, yeknəsəq uğultudan canını qurtarmaq üçün ovuclarını qulaqlarına söykəyib var gücü ilə sıxdı. Bu, ona kömək eləmədi, əksinə, uğultu səsi daha da gücləndi. Qalxıb sərsəm yerişlə şəlaləyə tərəf getdi. Süni qaya yarıqlarının arasından görünən rəngbərəng lampaların işıq selində bərq vuran suya baxdı. İti hulqumu titrədi. Ağlasaydı, hönkürtüsü şəlalənin şırıltısını batırardı. Dizlərinə qədər suya girib qoşa ovuclarını doldurdu və soyuqdan tükləri biz-biz olmuş sifətinə çırpdı. Birdən üşüdüyünü hiss elədi. Sudan çıxıb bircə anlığa yenə də işıqları sönmüş tanış pəncərəyə baxdı və ayaqqabılarından ətrafa su sıçrada-sıçrada üzü enişə qaçmağa başladı...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью